Layihə çərçivəsində bu dəfə “Yarımçıq xatirələr” bədii filmi nümayiş olundu
   
   Yanvarın 24-də Bilik Fondunda Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ekranlaşdırdığı “Yarımçıq xatirələr” filminin nümayişi oldu.    
   Tədbirdə Fondun əməkdaşları və filmin yaradıcı heyəti ilə yanaşı, “ASAN Xidmət”in könüllüləri, 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin üzvləri, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri iştirak edirdi.
   Bilik Fondunun icraçı direktoru Oktay Səmədov çıxış edərək reallaşdırılan layihələr, yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq sahəsində görülən işlər barədə məlumat verdi. Bildirdi ki, dövlət başçısının müvafiq fərmanı ilə 2014-cü ildə yaradılan Bilik Fondu tərəfindən hazırda dörd proqram üzrə 21 layihə həyata keçirilir. Fondun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində həyata keçirilən layihələrdən biri də Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ilə birgə milli ekran əsərlərinin nümayişi layihəsidir. Milli filmləri gənclərə, məktəblilərə, eləcə də ölkəmizə təhsil almağa, gəzintiyə gələn əcnəbi vətəndaşlara nümayiş etdirmək həm incəsənətimizin təbliğidir, həm də gənclərdə mədəniyyətimizə marağı artırmaq məqsədini daşıyır. 
   Qeyd olundu ki, indiyədək bu layihə çərçivəsində “Sarılar - Qarabağ atının izi ilə” sənədli filmi, “Axınla aşağı” və “Dərs” bədii filmləri nümayiş olunub.
   “Yarımçıq xatirələr” filminin quruluşçu rejissoru Elxan Cəfərov çıxış edərək ekran əsərinin ideyası və çəkiliş prosesi haqqında danışdı. Bildirdi ki, Azərbaycan və rus dillərində səsləndirilən filmin əsas çəkilişləri Belarusda - Brestdə, Minskdə və Vileyka qəsəbəsində aparılıb. 150 nəfərdən ibarət yaradıcı kollektivdə azərbaycanlılar, beloruslar və gürcülər yer alıb. 
   Sonra film nümayiş olundu. Nümayişdən sonra tədbir iştirakçıları film haqqında yaradıcı heyətlə birlikdə müzakirə apararaq fikirlərini bölüşdülər.
   Qeyd edək ki, “Yarımçıq xatirələr” filmi 1941-ci ildə Brest qalasını faşistlərdən qəhrəmancasına qorumuş və 50 ildən sonra doğma Qarabağını erməni işğalçılarından müdafiə etməyə qalxmış bir əsgərin taleyindən bəhs edir. Ssenari müəllifləri Konstantin Vorobyov və Yavər Rzayev, quruluşçu operator Nadir Mehdiyev, səs operatoru Tariyel Həsənzadə, quruluşçu rəssamlar Rafiq Nəsirov və Vadim Şafranski, bəstəkar Polad Bülbüloğlu, prodüser Müşfiq Hətəmovdur. Filmdə Bəhruz Vaqifoğlu, Şamil Məhərrəmov, Qurban İsmayılov, Gülzar Qurbanova, Mixail Kaminski, Georgi Saava, Andrey Milyuxin, Zurab Nicaradze, Veronika Plyaşkeviç, Aleksandr Pavlov və başqaları rol alıblar.
   
   Fariz Hüseynov