Olivye Assayas: “Film zamanın necə keçməyindən və dünyanın necə dəyişməsindən bəhs edir”
Terrorla mübarizə bu gün bütün dünyanın qarşısında duran aktual problemlərdəndir. Bu yaxınlarda tanınmış fransız rejissoru Olivye Assayasın çəkdiyi «Çaqqal Karlos» dramının ekranlara çıxması bu mövzunun kinematoqraf üçün də aktuallığını bir daha təsdiqləyib. Film “Çaqqal Karlos” ləqəbli məşhur terrorçu, əslən Venesueladan olan İliç Ramires Sançesdən bəhs edir.
Dünyanın müxtəlif yerlərində - Fələstində, İtaliyada, Kolumbiyada, Yaponiyada terror aktları həyata keçirmiş Sançesin səs-küy doğuran terror əməli 1975-ci ildə Vyanada OPEK-in mərkəzi qərargahını ələ keçirərək 42 nəfəri girov götürməsi olub. Uzun müddət Sudanda gizlənən terrorçu 1994-cü ildə Fransaya ekstradisiya edilib və burada ömürlük cəzaya məhkum olunub. Rejissor film haqqında Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzetinə danışıb.
- Necə oldu ki, siz bu terrorçu ilə maraqlanmağa başladınız və onun haqqında film çəkməyə qərar verdiniz?
- Prodüser Daniel Lekonte mənə bir neçə səhifədən ibarət məlumat gətirmişdi, orada söhbət “Çaqqal Karlos”un Sudanda həbsindən gedirdi. Bu məni çox maraqlandırdı. Ümumiyyətlə, bu terrorçunun həyatı mənim üçün həmişə maraqlı olub. Mən bu filmi çəkməklə sadəcə Karlosun nələr yaşadığını bilmək istəyirdim, ona görə də demək olmaz ki, kimlərəsə əxlaq dərsi keçən film çəkmişəm. Mənim üçün Karlos hər zaman sanki kölgəni xatırladan obraz olub. Filmi çəkən zaman onunla bağlı çoxlu sənədli materiallar əldə etdik. Həmin dövrün geosiyasi prosesləri barədə xeyli material oxudum. Bu mənim üçün həm də ötən əsrin 70-ci illərinə səyahət oldu.
- Siz bir dəfə demişdiz ki, Viskontinin «Lüdviq»i ən çox sevdiyiniz filmdir. Bu filmlə «Lüdviq» arasında bəzi oxşar cəhətlər var: hər iki ekran əsəri özü barədə mif yaradan antiqəhrəmandan bəhs edir.
- Düzdür, «Lüdviq» mənim sevimli filmimdir, «Çaqqal Karlos»u çəkəndə bu film mənim beynimdə idi. Bu mənim Karlosa yanaşmama kömək etdi. Karlos müasir mifdir, anlaşılan və anlaşılmaz, tanış və eyni zamanda tanış olmayan.
- Sizi filmdə Karlosun obrazını müsbətə doğru dəyişməyinizə görə ittiham edirlər. Bu ittihamlara necə reaksiya verdiniz?
- Karlos özü öz şəklini dəyişirdi. Yalnız onu tanıyan insanlarla danışmaq lazımdır. Hər kəs onun xarizmasını qeyd edir. Bu, Karlos haqqında həqiqətdir. Onu danışmaq isə mənim işimdir.
- Sizin film 70-ci illərin terroruna adət etmədiyimiz baxışla yanaşır və əvvəllər terror mövzusunda müraciət edən filmlərlə ziddiyyət təşkil edir.
- Ümid edirəm ki, filmdə baş verənlərin gerçəkdə nə olduğunu göstərə bilmişəm. Bu əslində dövlət terrorudur. Bir dövlətin başqa dövlətə qarşı terroru. Karlos birdən-birə hər yerdə bomba partladan qəddar adam deyildi. Belə düşünmək çox sadəlövhlük olardı. İctimaiyyət bunu anlamasa da, hökumətlər anlamalıdır. Söhbət bundan gedir. Terrorizmin məntiqini hazırkı dövrdə anlamaq çətindir. Çünki oyunda oynanılan kartları hamısı bəlli deyil. Amma müəyyən fasilələrdən sonra birdən hər şey üzə çıxır. Bu hadisə kimi.
- Siz Karlosu bir xarakter kimi təsvir etmisiniz?
- Karlos hər şeydən əvvəl bir Latın Amerikası maçosudur. O, dadlı pivə içməyi və gözəl qadınları sevirdi. Bu onun şəxsiyyətinin bir tərəfi və statusunun bir ifadəsi idi. Karlos Avropa terrorçularına nifrət edirdi, onları əhəmiyyətsiz və qorxaq sayırdı. Onun fikrincə, təkcə o, əsl əsgər idi.
- O həm də İntibah dövrünün muzdlu əsgərini xatırladır. Gördüyü işə görə yüksək mükafatlar alan əsgər...
- Maraqlı fikirdir. Onun taleyi həmin dövrün muzdlu əsgəri ilə oxşardır. O, əmri yerinə yetirən icraçı idi, bəzən də işi yerinə yetirməyə məcbur edilirdi, sonra isə öz istədiklərini yerinə yetirmək üçün sponsor axtarmağa başladı. O çətin əməliyyatları icra edə bilirdi və buna görə də tanınırdı. Ümumiyyətlə, Karlosun tarixçəsi çox spesifikdir. Bəzən onun taleyi öz əlində olub, bəzən isə yox. Eyni zamanda o öz dövrünün yetirməsi idi, mən onun taleyinin bu universal hissəsindən danışmaq istəmişəm: onun praqmatizmlə idealizmi bir araya gətirməyindən. Film zamanın necə keçməyindən və dünyanın necə dəyişməsindən bəhs edir.
Terrorizm müasir dünyanın faktıdır, Karlos isə artıq çoxdandır mifdir, çünki medianın köməyi ilə Karlosun monstr obrazı yaradılıb. O terrorçu idi və eyni zamanda ulduz olmaq, şöhrətlənmək istəyirdi. Terrorizm heç zaman bir fərd tərəfindən həyata keçirilmir, o həmişə dünya siyasətinin bir hissəsi olub. Terrorizm diplomatiyanın bir formasıdır. Mən 70-ci illərdə böyümüşəm və biz əmin idik ki, terror inqilaba nail ola bilərdi. Biz inqilabın mücərrəd ideyaları ilə yaşayırdıq, buna inanırdıq, ictimai dəyişikliklər istəyirdik. Bu gün isə insanlar daha çox maaş və erkən pensiyaya çıxmaq istəyirlər.
- İş prosesi zamanı gərginlik oldumu?
- Mən əvvəlcə bunu televiziya filmi kimi nəzərdə tutmuşdum, amma ideyalar, fikirlər çoxaldı, nəzarətdən çıxdı və absurd dərəcədə mürəkkəbləşdi. Amma layihə “Kanal +” telekanalına məxsus idi və düşündüm ki, fikirlərimi filmdə reallaşdırsam, o zaman kiminsə müdaxiləsinə imkan verməyəcəm. Çünki tanınmayan aktyorları, filmi terror aktlarının baş verdiyi yerlərdə çəkmək istəyirdim. Sonra gözlədim ki, kimsə belə tələblərimə qarşı çıxıb deyəcək: çox gözəl ideyadır, amma bizim üçün riskli və mürəkkəbdir. Amma biz dil tapdıq və nəticədə filmi çəkməli oldum.
Hazırladı: Sevda Əliəşrəfqızı