“Bu qırğında şəhid olanlar Azərbaycanın əbədi müstəqil qalacağına möhür vurublar”
   
   Yanvarın 20-də Azərbaycanın Ankaradakı səfirliyində 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirildi.    
   Tədbirdə ölkəmizin Türkiyədəki səfiri Faiq Bağırov, Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, millət vəkilləri Mətin Gündoğdu, Nəcdət Ünüvar, Türkiyə Xarici İşlər Nazirliyinin rəsmisi Şefik Vural Altay, qardaş ölkənin Azərbaycandakı keçmiş səfiri İsmayıl Alper Coşkun, professor Aygün Attar, Ankarada təhsil alan xarici və azərbaycanlı tələbələr iştirak edirdi. 
   Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Sonra hər iki ölkənin dövlət himnləri səsləndirildi. Ardınca 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən sənədli film nümayiş olundu.
   20 Yanvar faciəsi barədə məlumat verən səfir Faiq Bağırov diqqətə çatdırdı ki, bu hadisə xalqımızın o dövrdə üzləşdiyi siyasi haqsızlıqlara, Dağlıq Qarabağın Azərbaycandan qoparılmasına kəskin etirazına qarşı sovet hərb maşınının törətdiyi qanlı cinayət idi. Azərbaycan xalqı dövlət müstəqilliyinin bərpasında canlarını fəda edən şəhidlərimizin əziz xatirəsini əbədiyyətə qədər uca tutacaq.
   20 yanvar 1990-cı ildə ermənilərin rəhbərliyi ilə Sovet İttifaqı ordusu tərəfindən qətlə yetirilən Azərbaycan vətəndaşlarını rəhmətlə anan Yalçın Topçu "Bakıda yaşanan bu acı günü eyni zamanda Azərbaycanımızın müstəqillik qazandığı bir gün olaraq görürəm. Azadlıq bədəlsiz olmur. Bu qırğında şəhid olanlar Azərbaycanın əbədi müstəqil qalacağına möhtəşəm bir möhür vurublar. Onları Türk-İslam dünyası adına bir daha rəhmətlə və hörmətlə yad edirəm", - deyə bildirdi.
   Çıxışlardan sonra iştirakçılar Qanlı Yanvar hadisələrini əks etdirən sərgi ilə tanış oldular. İştirakçılara "İrs" jurnalının nüsxələri və 20 Yanvar faciəsi ilə bağlı materiallar paylanıldı.
   
   Mehparə Sultanova
   Ankara