Mirzə Ələkbər Sabirə aid olan sənədlər elektron kataloqa köçürülür
AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) və M.Ə.Sabir Fondunun birgə təşkilatçılığı ilə “Mərkəzi Elmi Kitabxana: rəqəmsal bələdçilərlə milli yaddaşa” mövzusunda tədbir keçirilib.
Tədbirdə Mirzə Ələkbər Sabirin (1862-1911) anadan olmasının 155 illiyi münasibətilə şairin MEK-də və ev-muzeyində olan sənədlərin “Milli rəqəmsal yaddaş” bazasına daxil edilməsinin təqdimatı olub.
Kitabxananın direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova bildirib ki, Mirzə Ələkbər Sabir Fondu ilə əməkdaşlıq çərçivəsində şairə aid olan və şairin ev-muzeyində saxlanılan sənədlərinin sistemləşdirilməsi, rəqəmsallaşdırılması, elektron kataloqa və “Milli rəqəmsal yaddaş” bazasına daxil edilməsi nəzərdə tutulur. O, fond ilə birgə müsabiqənin keçiriləcəyini, unikal nüsxələrdən ibarət sərginin təşkil olunacağını da qeyd edib.
Sonra Mirzə Ələkbər Sabirin “Hophopnamə”si əsasında “Bir kitabın izi ilə” adlı təqdimat olub.
Tədbirin sonunda çıxış edən Mirzə Ələkbər Sabir Fondunun rəhbəri Sevda Tahirli MEK-lə əməkdaşlığın vacibliyini vurğulayıb. O, Sabirin 155 illiyi ərəfəsində ədibin kitablarının və ona aid olan digər sənədlərin rəqəmsallaşdırılaraq oxuculara hədiyyə edilməsini yüksək dəyərləndirib.
Lalə