XIX və XX əsrlərə aid üzərlik qablarından söz açılıb
   
   Yanvarın 21-də Azərbaycan Xalça Muzeyində “Bir eksponatın tarixi” layihəsi çərçivəsində növbəti tədbir muzeyin kolleksiyasında saxlanılan nadir eksponatlardan olan üzərlik qabına həsr edilib.
   Tədbirdə eksponatın tarixi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, qədim dövrlərdən üzərliklə bağlı inanclar insanların həyatında mühüm yer tutub. Belə nümunələrdən ikisi hazırda Azərbaycan Xalça Muzeyinin kolleksiyasında saxlanılır.
   XIX əsrin sonuna aid olan üzərlik qabı bafta, tirmə materiallarından istifadə edilməklə güləbətin və qaragöz texnikası ilə hazırlanıb. Qabın üzərində bərabərtərəfli xaç ornamenti təsvir olunub. Xaç bərəkət və varlıq ideyası ilə bağlı olan qədim ayin nişanıdır. Qədim türklər varlığı və mövcudluq modelini əsasən bərabərtərəfli xaç forması ilə ifadə edirdilər. Vurğulanıb ki, XX əsrin əvvəlinə aid olan digər üzərlik qabı məxmər, tesma, sərmə, bafta materiallarından istifadə edilməklə qaragöz texnikası ilə sadə formada hazırlanıb. Hər iki nümunə bədii, texniki xüsusiyyətlərinə və tarixi əhəmiyyətinə görə kolleksiyanın nadir nümunələrindən hesab olunur.
   Qeyd edək ki, eksponat haqqında məlumatlar Azərbaycan, ingilis və rus dillərində verilib.