Mədəniyyət və turizm naziri Sumqayıtda vətəndaşlarla görüşüb
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən 2013-cü ildən etibarən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin hər ay şəhər və rayonlarda əhali ilə görüşləri keçirilir. Ötən müddətdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bölgələrdə 40-dan çox belə görüş keçirib.
Yanvarın 26-da nazir Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində Sumqayıt şəhər, Abşeron, Xızı, Zəngilan, Qubadlı, Şuşa rayonlarından vətəndaşları qəbul edib.
Görüşdən öncə Əbülfəs Qarayev Heydər Əliyev Mərkəzinin qarşısında ümummilli liderin abidəsi önünə tər gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib.
Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı müraciətlər səslənib.
Sumqayıt sakinləri tərəfindən Sumqayıt şəhəri ilə qardaşlaşmış şəhərlərin təsviri və tətbiqi sənət ustalarının əsərlərinin qarşılıqlı sərgilərinin, Sumqayıtda caz musiqi festivalının keçirilməsi, yerli rəssamların plenerinin, şəhərdə beynəlxalq “Qutab festivalı”nın təşkili ilə bağlı təklif və təşəbbüslər diqqətə çatdırılıb, həmçinin şəhərdəki musiqi məktəblərində ustad dərslərinin təşkilinə köməklik göstərilməsi xahiş edilib.
Abşeron rayonundan qəbula yazılanların da müraciətləri musiqi və incəsənət məktəblərində ustad dərslərinin təşkilinə dəstək verilməsi, eləcə də təcrübəli müəllimlərin iş metodlarının internet vasitəsilə yayılması barədə olub.
Xızı sakinləri rayondakı Xanagah yaşayış məntəqəsinin və Şeyxlər türbəsinin tədqiq edilməsi, yeni inşa olunmuş Heydər Əliyev Mərkəzinin Mədəniyyət və Turizm Nazirliyinin balansına verilməsi, işlə təmin olunma və digər məsələlər barədə müraciətlərini səsləndiriblər.
Şuşa rayonundan qəbula yazılan vətəndaşlar məcburi köçkünlər üçün Zaqatalada salınmış yeni qəsəbədə klub müəssisəsinin istifadəyə verilməsi, uşaq musiqi məktəblərində saz ixtisasının inkişaf etdirilməsi və digər məsələlər barədə xahiş ediblər.
Zəngilan və Qubadlı sakinlərinin müraciətləri kitabxanalara uşaq ədəbiyyatının verilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı olub.
Qəbula gələn bütün vətəndaşları diqqətlə dinləyən nazir Əbülfəs Qarayev ayrı-ayrı müraciətlərlə bağlı göstərişlər verib.
Nazir jurnalistlərə müsahibəsində bildirib ki, hər ay yerlərdə təşkil olunan bu görüşlər zamanı vətəndaşlar tərəfindən maraqlı təklif və təşəbbüslər irəli sürülür. Belə canlı ünsiyyət bir çox məsələlərin operativ həlli baxımdan çox vacibdir.
Nazir budəfəki görüşdə də aktual məsələlərə toxunulduğunu vurğulayıb: “Bu ilin ilk qəbulunu Sumqayıt şəhərində keçirdik. Bildiyiniz kimi, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Mədəniyyət və Turizm Nazirliyi sistemində islahatlar keçirildi. Bu islahatların nəticəsində 15 regional mədəniyyət və turizm idarəsi yaradıldı. İslahatlar ölkəmizin mədəniyyət və turizm sahələrində idarəçiliyin təkmilləşdirilməsinə və işimizin günün müasir tələblərinə uyğun şəkildə qurulmasına xidmət edir".
Nazir vurğulayıb ki, vətəndaşlarla görüşlər əhali tərəfindən mədəniyyət və turizmin inkişafına xüsusi həssaslıqla yanaşıldığını göstərir. İrəli sürülən faydalı təkliflər yerlərdə mövcud problemlərin həllinə müsbət təsir edir.
Regionlarda turizmlə bağlı təkliflərin də nəzərdən keçiriləcəyini bildirən nazir qeyd edib ki, turizm sənayesinin inkişaf etdirilməsi Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzindədir: “Turizm sənayesi Azərbaycanda sürətlə inkişaf edən və iqtisadiyyatın qeyri-neft sektoru sahəsində prioritet istiqamətlərdən biridir. Ötən il sentyabrın 1-də Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı sərəncam və 6 dekabr tarixli fərmanı ilə təsdiq olunan “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” bu sahədə yeni bir mərhələnin başlandığını göstərir”.
Əbülfəs Qarayev vurğulayıb ki, həyata keçirilən işlər nəticəsində ötən il ölkəmizin turizm sənayesində ciddi irəliləyiş baş verib: "Görülən tədbirlərin nəticəsi olaraq 2016-cı ildə Azərbaycana gələn turistlərin sayında 11,7 faiz artım qeydə alınıb. Ötən il də viza sisteminin sadələşdirilməsi və bəzi ölkələrin vətəndaşları üçün hava limanlarımızda vizaların verilməsi həyata keçirildi. 2017-ci ilin yanvarından isə "ASAN viza"ların verilməsinə başlanılıb. Ölkəmizə gələn xarici turistlərin sayında 2017-ci ildə də mühüm artım gözləyirik".
Nazir bildirib ki, artıq ölkəmizə səfər edən xarici vətəndaşların böyük əksəriyyəti məhz turizm, səyahət məqsədilə gələnlərdir. Ötən il ölkəmizə daha çox Körfəz ölkələri, MDB ölkələri, Avropa və Asiyanın çeşidli ölkələrindən turistlər gəlib. Dünyanın məşhur turizm saytları, turizm üzrə tədqiqatçılar səfər etmək üçün ən yaxşı ölkələr sırasında Azərbaycanı da məsləhət görürlər.
Fariz Hüseynov