İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaradıcı kollektivi “Qanlı qızıl toy” tamaşasının məşqlərini başa çatdırıb.
Tamaşa teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyevin “Osman və Süsən” əsəri əsasında səhnələşdirilib. Əsərin rejissoru Nicat Qərib, bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyev, səhnə tərtibatçısı Məhsəti Eldarovadır.
Şuşanın müdafiəsində qəhrəmanlıq göstərən igidlərimizin xatirəsinə həsr olunmuş əsərdə baş rolları Xalq artisti Rafael Dadaşov və Əməkdar artist Hicran Nəsirova ifa edirlər. Digər rolları isə Əməkdar artist Vaqif Kərimov, aktyorlar Natiq Həziyev, Rövşən Cəfərov, Əhliman Ərşadlı, Səbinə Cəfərova, Şəbnəm Cəbrayılova və başqaları canlandıracaqlar.
Tamaşanın premyerası fevral ayında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində keçiriləcək.