60-dan çox filmdə qrim üzrə rəssam işləmiş Elbrus Vahidov peşəsindən zövq aldığını deyir
   
   Qrim rəssamının obrazlar qalereyası... Çəkiliş bitir, bir an öncə kamera qarşısında hansısa obrazı yaradan aktyor əlini üzünə çəkməklə, saçlarını qarışdırmaqla roldan çıxır və özünə qayıdır. Qrim rəssamı isə sənət əsərinin məhv edilməsinə sakitcə tamaşa edəcək, ona görə sakitcə ki, hər şey kinolentə köçürülüb. O, sabah yenə işinin başında olacaq... Görəsən, bu dəfə hansı xarakteri yaradacaq?
      
   Azərbaycan kinosunda qrim sənətini bütün incəlikləri ilə bilən və böyük təcrübəsi olan insanlar var. Onlardan biri indiyədək 60-dan çox filmdə qrim üzrə rəssam işləmiş Əməkdar incəsənət xadimi Elbrus Vahidovdur.
   Dediyinə görə hələ kiçik yaşlarından bu sənətə marağı olub. Orta təhsili bitirəndən sonra sənədlərini Ə. Əzimzadə adına Rəssamlıq Məktəbinə versə də, daxil ola bilməyib. Lakin həvəsdən düşməyib. “Azərbaycanfilm” kinostudiyasına gələrək qrim sexində işləməyə başlayıb. Və o vaxtdan qrim üzrə rəssam peşəsində çalışır.
   Kinoda ilk müstəqil işi Rasim Ocaqovun “Tütək səsi” filmində olub: “İndiyədək ən çox bəyəndiyim işim də bu filmdə olub. Filmdə Məmmədrza Şeyxzamanov, Mixail Volontir və başqa məşhur aktyorlarla işləmişdim. Hətta indi düşünürəm ki, o zaman etdiyim qrimi indi edə bilmərəm”.
   Qrim sənətində teatrı yox, məhz kinonu seçməsinin səbəbi də kinoya olan böyük sevgisindən qaynaqlanır: “Kino mənim üçün daha maraqlı idi. 42 ildir ki, kinostudiyada işləyirəm. Bu vaxta qədər işlədiyim filmlər mənə çox doğmadır. Tələbələrim var. Müxtəlif teatr və yaradıcılıq ocaqlarında sənətlərini davam etdirirlər”.
   Son dövr çəkilən filmlərdən söz açan E.Vahidov qrim ustası kimi işlədiyi “Hökmdarın taleyi” filmindən danışdı: “Qrim elə bir sənətdir ki, burada sən bütün daxili aləminlə xarakteri hiss etməlisən. Qəhrəmanın simasında mənfi və müsbət cəhətlərini büruzə verəcək cizgiləri bütün incəlikləri ilə yaratmağı bacarmaq lazımdır. Bu mənada “Hökmdarın taleyi” filmindəki işimdən böyük zövq aldım. Film tarixi olduğu üçün qrim üzrə rəssamın məsuliyyəti də çox idi”.
   Gənc yaşlarında aktyorlarla işləməyin bir az çətin olduğunu qeyd edən Elbrus Vahidov zamanla qazandığı təcrübə əsasında hər şeyin yoluna düşdüyünü deyir: “Pastij üzrə Georgi Lazareviç Parisaşveli, qrim üzrə Volodya Bereznikov kimi istedadlı müəllimlərim olub. Bu sənətin bütün detallarını da onlardan öyrənmişəm. Gənc yaşlarımda filmlərdə məşhur aktyorlarla işləyəndə mənə o qədər də ciddi yanaşmırdılar. Lakin vaxt ötdükcə, kifayət qədər təcrübəyə sahib olduqca sənətimi də qəbul etdilər. Qrim elə bir sənətdir ki, bəzən bir aktyorun üzərində günlərlə işləməli olursan. Lakin istədiyin qrimi ala bilmirsən. Bəzən də çox asanlıqla düşündüyün üz cizgilərini yarada bilirsən. Bu yaxınlarda Ənvər Əblucun “Tərsinə çevrilmiş dünya” filmində qrim üzrə rəssam işlədim. Maraqlı işlərimiz olub. Yaxın gələcəkdə filmin premyerası da gözlənilir”.    

   Yeganə Cansail







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar