Yanvarın 24-də “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində AMEA-nın Alimlər Evinin və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə “Füzuli dünyası” mövzusunda lektoriya keçirildi. 
   Toplantını giriş sözü ilə AMEA-nın Alimlər Evinin direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva açaraq növbəti lektoriyanın dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr edildiyini bildirdi. 
   Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru Lalə Hüseynova tədbirin önəmini vurğuladı. O, mütəfəkkir şairin Azərbaycan və dünya mədəniyyətində mövqeyindən söz açdı, “Leyli ilə Məcnun”u bənzərsiz əxlaqi əsər adlandırdı. 
   AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli M.Füzulinin həyat və yaradıcılığı haqqında iştirakçılara geniş bilgi verdi. O, şairin yaradıcılığının nəinki Azərbaycan poeziyası, Şərq, eləcə də dünya ədəbiyyatı üçün əhəmiyyətini qeyd etdi. Bildirildi ki, doğma Azərbaycan dilindən başqa fars və ərəbcə də dərin bədii əsərlər yaradan Füzuli özündən sonrakı türkdilli ədəbiyyatın çiçəklənməsinə böyük təsir edib. Füzuli yaradıcılığında elm və sənəti bacarıqla bir araya gətirən misilsiz söz ustasıdır. T.Kərimli şairin musiqi alətlərindən bəhs edən “Yeddi cam” poemasını yüksək dəyərləndirdi. 
   Əməkdar incəsənət xadimi Aqil Məlikov, Xalq artisti, professor Mənsum İbrahimov Füzuli yaradıcılığının özəlliklərindən söz açdılar. 
   Tədbirdə Xalq artisti Şövkət Ələkbərovanın ifasında Cahangir Cahangirovun “Füzuli kantatası” səsləndirildi, Azərbaycan Milli Konservatoriyasının tələbələrinin ifasında şairin qəzəlləri muğam üstə ifa olundu. 
   
   S.Qaliboğlu