“Sadəcə olaraq biz işləri düzgün təşkil etməliyik və ölkəmizdə güclü turizm sənayesi yaradılmalıdır. Bu sahədə böyük uğurları olan ölkələrin təcrübəsindən istifadə etməliyik”
Yanvarın 30-da Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib.
Tədbirdə giriş nitqi söyləyən dövlət başçısı 2004-cü ildə birinci proqramın qəbul edilməsindən sonra regionların inkişafı sahəsində həyata keçirilən siyasətin, görülən işlərin əhəmiyyətindən danışıb. Vurğulanıb ki, dövlət proqramlarının icrası bölgələrimizin simasını dəyişdirib, bütün bölgələrimiz, şəhərlərimiz abadlaşıb, gözəlləşib. Böyük infrastruktur layihələri icra edilib. Bu, imkan verir ki, bu gün Azərbaycan dinamik inkişaf etsin. Bu, imkan verir ki, biznes strukturları bu imkanlardan səmərəli istifadə etsinlər. Qeyd olunub ki, regionlarla bağlı dövlət proqramlarının icrası bütün istiqamətlərdə, o cümlədən bölgələrdə turizmin inkişafına zəmin yaradıb.
* * *
Konfransda iqtisadiyyat naziri Şahin Mustafayev, kənd təsərrüfatı naziri Heydər Əsədov, Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev, Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov, Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov, Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov və Balıq yemi istehsalı zavodunun direktoru Zaur Salmanov çıxış ediblər.
Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov çıxışında bildirib ki, dövlət başçısının göstərdiyi diqqət və qayğı, bu sahədə həyata keçirilən islahatlar ölkəmizdə turizm sektorunun inkişafına ciddi təkan verib.
Azərbaycan Turizm Assosiasiyası barədə məlumat verən N.Bağırov qeyd edib ki, 2009-cu ildən fəaliyyət göstərən quruma 150-dən çox turizm şirkəti, 100-dən çox mehmanxana daxildir. Assosiasiya üçüncü seçki ilidir ki, BMT-nin Dünya Turizm Təşkilatının Qoşulan üzvlər Şurasının Avropa üzrə vitse-prezidenti seçilir. Qurum ölkəmizdə və xarici ölkələrdə təşkil olunan bütün biznes-forumlarda aktiv iştirak edərək turizm imkanlarını təşviq edir. Assosiasiya turistlərə bələdçi xidmətinin göstərilməsi, həmçinin bu sahədə kadrların hazırlanması üçün ilk dəfə olaraq Bakı ekskursiya bürosunu yaradıb.
Qurum rəhbəri vurğulayıb ki, ölkənin davamlı inkişafının bir hissəsi kimi turizm sahəsinin inkişafı ilə bağlı ölkə Prezidenti tərəfindən imzalanmış çoxsaylı fərman və sərəncamların icrası bu sahənin inkişafına daha əlverişli şərait yaradıb. Bir sıra ölkələrin vətəndaşları üçün 2016-cı ildən etibarən hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinə başlanması ölkəmizə səyahət edən xarici turistlərin sayını əhəmiyyətli dərəcədə artırıb. 2015-ci illə müqayisədə 2016-cı ildə Azərbaycana İordaniyadan 2 dəfə, Küveytdən 3,2 dəfə, Qətərdən 5,5 dəfə, Səudiyyə Ərəbistanından və Omandan 10 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 22 dəfə, İraqdan 30 dəfə çox turist gəlib.
Assosiasiya sədri turizm sahəsində aparılan köklü islahatların davamı olaraq, ölkə başçısının 2016-cı ildə imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı xüsusi edərək sərəncamda turizm sənayesi ilə bağlı bütün mühüm məsələlərin əksini tapdığını deyib. Bildirib ki, son illər daxili turizm regionlarda daha çox inkişaf edir. Turizm infrastrukturunun yaxşılaşdırılması, o cümlədən Şahdağ və Tufandağ turizm istirahət, Naftalan, Duzdağ, Qalaaltı və sair müalicəvi-sağlamlıq komplekslərinin, müasir hotel şəbəkələrinin yaradılması, tarix və mədəniyyət abidələrinin, mədəniyyət ocaqlarının bərpası regionlarda turizmin ilboyu inkişafına təkan verib.
Assosiasiya rəhbəri turizm sənayesinin daha da inkişafı üçün bir neçə addımın atılmasının arzuolunan olduğunu deyib. Bu sırada ölkəmiz üçün prioritet olaraq seçilmiş ölkələrdən birbaşa uçuşların sayının artırılmasını, aviabiletlərin və yerləşdirmə vasitələrinin qiymətlərinin daha münasib olmasını, ölkəmizdə hostellərin, bir və iki ulduz kateqoriyalı mehmanxanaların tikilməsini, xarici turizm üzrə ixtisaslaşan şirkətlərə müəyyən güzəştlərin edilməsi kimi məsələlər qeyd edilib. Bildirək ki, sadalanan məsələlərin bir çoxu 2016-cı ilin 6 dekabrında Prezident tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə əksini tapıb.
Bununla yanaşı, yay mövsümündə Xəzər dənizinin potensialından maksimum istifadə, dəniz gəzintiləri, adalarda turizmin inkişaf etdirilməsi imkanları da diqqətə çatdırılıb. Həmçinin ölkəmizin turizm imicinin qorunması, turistlərə yüksək səviyyədə xidmətin təşkili üçün bu sahədə çalışan şirkətlərin fəaliyyətinə keyfiyyət nəzarəti mexanizminin daha da təkmilləşdirilməsinin əhəmiyyəti vurğulanıb.
* * *
Konfransda yekun nitqi söyləyən Prezident İlham Əliyev 2018-ci ildə yekunlaşacaq üçüncü regional proqram çərçivəsində görüləcək işlər, ayrı-ayrı sahələr üzrə həyata keçiriləcək layihələr barədə ətraflı danışıb. Vurğulanıb ki, qarşıdakı illərdə əsas məqsəd yaradılmış infrastruktur üzərində hərtərəfli inkişaf tempinin təmin edilməsidir.
Prezident bu xüsusda turizmlə bağlı görülmüş işlərin əhəmiyyətini də qeyd edib. Bildirib ki, bu sahədə həyata keçirilən tədbirlər Azərbaycanı beynəlxalq turizm üçün çox cəlbedici ölkəyə çevirir. Xüsusilə vizalarla bağlı atılan addımlar bu sahədə dönüş yaradıb: “Azərbaycanda zəngin mədəni irs var. Tarixi abidələrimiz, qədim mədəniyyətimiz turistləri cəlb edir. Digər tərəfdən, Azərbaycan müasir ölkədir və burada turizm infrastrukturu da çox inkişaf edib - hotellər, istirahət zonaları. 2004-cü ildən bu günə qədər 300-dən çox mehmanxana tikilib. Azərbaycanda və Bakı şəhərində dünyanın aparıcı hotellər şəbəkələrinin mehmanxanaları var. Bizim gözəl mətbəximiz, gözəl iqlimimiz, vətənpərvər və eyni zamanda, qonaqpərvər insanlarımız, Azərbaycanda hökm sürən sabitlik, təhlükəsizlik - bütün bunlar turistləri cəlb edir. Bütün bu amillər var və viza sadələşdirilməsi də həll olunub, sadəcə olaraq biz işləri indi düzgün təşkil etməliyik və ölkəmizdə güclü turizm sənayesi yaradılmalıdır. Əlbəttə, eyni zamanda, bu sahədə böyük uğurları olan ölkələrin təcrübəsindən istifadə etməliyik”.
Prezident xarici bazarlara çıxmaq üçün indi dövlətlərarası səviyyədə işlər görüldüyünü də diqqətə çatdırıb. Bildirilib ki, bir neçə ölkədə Azərbaycan ticarət evlərinin yaradılması istiqamətində işlər gedir. Bu həm təbliğat üçün önəmlidir, eyni zamanda, ixrac imkanlarımız da genişlənə bilər. Yaxın zamanlarda belə ticarət evlərinin açılması nəzərdə tutulur.
Dövlət başçısı yekun nitqində regionların davamlı inkişafının təmin olunması ilə bağlı müvafiq tapşırıq və göstərişlər verib.