Yanvarın 31-də Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin təşkilatçılığı ilə tanınmış veteran jurnalistlər Eldost Bayramın 70, Tofiq Yusifovun 60 illik yubileylərinə həsr olunmuş tədbir keçirildi.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov çıxış edərək rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışdı. Bildirdi ki, Mətbuat Şurasının mühüm fəaliyyət istiqamətlərindən biri ömrünü Azərbaycan jurnalistikasına həsr etmiş insanların yubileylərinin keçirilməsi, onlarla bağlı əlamətdar günlərin yada salınmasıdır. Şuranın Ahıl Jurnalistlər Məclisi də məhz bu məqsədlə yaradılıb. Məclisin ötən müddətdə gördüyü işlərin rəğbətlə qarşılandığını vurğulayan Əflatun Amaşov qeyd etdi ki, bu qəbil tədbirlər jurnalistika peşəsinə dəyər verən şəxslərin əməyinin qiymətləndirilməsi baxımından zəruridir.
MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədr müavini Məzahir Süleymanzadə Eldost Bayramın və Tofiq Yusifovun jurnalistika sahəsində fəaliyyətindən geniş söz açdı, onları peşələrinə sadiq insanlar kimi xarakterizə etdi.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri Cahangir Məmmədli, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, tanınmış diktor, Xalq artisti Əli Məmmədov, veteran jurnalistlər - İntiqam Mehdizadə, Bəbir Hüseynov, Şəddat Cəfərov və başqaları hər iki yubilyarın ömür yolundan bəhs edərək xatirələrini bölüşdülər.
Sonda Əflatun Amaşov tanınmış diktor, Xalq artisti Eldost Bayrama və Tofiq Yusifova Azərbaycan Mətbuat Şurasının diplomunu təqdim etdi. Hər iki yubilyara MŞ-nin Ahıl Jurnalistlər Məclisinin xatirə hədiyyələri təqdim edildi.
Fariz Hüseynov