Cənubi Qafqazda alman yaşayış məntəqələrinin 200 illiyinə dair tədbirlər planı üzrə əməkdaşlıq müzakirə edilib
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva yanvarın 26-da Almaniyanın Azərbaycandakı səfirliyinin birinci katibi Paul Amann ilə görüşüb. Görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Ölkəmizdə alman irsinin qorunması və təbliğindən söhbət açan Sevda Məmmədəliyeva bu istiqamətdə görülən işlər və əməkdaşlıq perspektivlərindən bəhs edib.
2017-ci ildə Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının 200 illik yubileyinin UNESCO çərçivəsində qeyd olunması, Azərbaycan Prezidentinin "Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında" 30 avqust 2016-cı il tarixli sərəncamının icrası ilə bağlı tədbirlər planının həyata keçirilməsi üzrə alman tərəfi ilə əməkdaşlıq və birgə layihələrin reallaşdırılması təklif edilib.
Nazirliyin müvafiq əmrləri ilə yaradılan Göygöldə Alman İcmasının Tarixi Muzeyi və Şəmkirdə Alman İrsi Mərkəzinin təmir-bərpası və bədii tərtibatı, habelə “Azərbaycanda alman izləri” mədəni turizm marşrutu üzrə Hacıkənd yaşayış məntəqəsində, Gədəbəy rayonunda mövzuya dair muzey tipli müəssisələrin təşkili ilə əlaqədar nazirlik tərəfindən aparılan işlər barədə məlumat verilib. Görüşdə həmçinin Cənubi Qafqazda mövcud olan alman irsinin təbliği məqsədilə filmin çəkilişləri və qarşıda duran məsələlər müzakirə olunub.