Mixael Haneke: “İnsanları zorakılığa vadar edən səbəblər məni həmişə düşündürüb”
   
   Müəllif kinosunun tanınmış nümayəndələrindən biri, avstriyalı rejissor Mixael (Michael) Haneke bütün filmlərində insanın zorakı təbiətini tədqiq edir, onu zorakılığa aparan səbəbləri tapmağa çalışır. Adətən onun filmlərində hadisələrin necə sonuclanması qaranlıq qalır və o, yozumu tamaşaçıların ixtiyarına buraxır. 
      
   Rejissor «Benninin videolentləri» filmində kütləvi mədəniyyətdə zorakılığın populyarlaşdırılması məsələsini qoyub. Onun «Məzəli oyunlar» dramı isə psixoloji zorakılığın ən yüksək həddidir. Bu ekran əsərinin Kann festivalında nümayişi zamanı bir qrup tamaşaçı, o cümlədən məşhur alman rejissoru Vim Venders filmə etiraz olaraq zalı tərk etmşdi. Rejissorun 2001-ci ildə Kann festivalında Qran-pri qazanan və məşhur fransız aktrisası İzabel Yupperin baş rol aldığı «Pianoçu qadın» dramı insani hisslərdən uzaq bir piano müəlliməsindən bəhs edir.
   Keçən il Oskara nominant olan və Kannda baş mükafata layiq görülən «Ağ lent» filmi də insan zorakılığının kökünü araşdırır. Bir kənddə yerli keşişin sərt tərbiyəsi altında yaşayan uşaqlar qətllər törədir. Hadisələr Birinci Dünya müharibəsi ərəfəsində baş verir və Haneke qətl törədən uşaqların simasında gələcəkdə faşistə çevrilən əsgərlərə işarə edir. Rejissor göstərir ki, zorakılığın kökündə yanlış tərbiyə metodu dayanır. Mixael Hanekenin «Epd-film» jurnalına verdiyi müsahibəni təqdim edirik.
   - Adətən sizin filmlərinizin sonunda aydın final olmur. «Ağ lent» filminin sonunda qətllərin məhz uşaqların törətməsi də ehtimal olaraq qalır.
   - Hər bir filmdə kriminal gərginlik tamaşaçını intizarda və deməli, kino zalında saxlayan əsas vasitələrdən biridir. Mən bütün filmlərimdə hər hansı əhvalatı danışmaq üçün belə vasitələrdən istifadə edirəm və bunu tamamilə məqbul sayıram. Həm də istəyirəm ki, tamaşaçı filmlə polemika aparsın. Kino zalını tərk edərkən tamaşaçı ürəyində şübhələr aparmalıdır. Məndən soruşanda ki, nədən filmlərinizin finalı qeyri-müəyyən qalır, o zaman diqqəti ədəbiyyata yönəldirəm. Ədəbiyyatın kino ilə müqayisədə böyük üstünlüyü var: oxucu təxəyyülündə obrazları özü yaradır, film isə tamaşaçıya hazır obrazları təklif edərək onun təxəyyül dünyasına müdaxilə edir. Bu tamaşaçı üçün itkidir. Rejissor kimi tamaşaçıya azadlıq verirəm ki, o, filmin sonunu özü tamamlasın. Belə demək mümkündürsə, bütün filmlərimdə bu əsas prinsipdir və mən daha yaxşısına nail olmaq üçün uzun müddət işləyirəm. Amma çox təəssüf ki, bu prinsip müasir filmlərdə gözlənilmir. Əgər tamaşaçı kimi kinoya gedəndə film mənim bildiyim şeyləri mənə yenidən təklif edirsə, əsəbiləşirəm və ona baxmağa ehtiyac hiss etmirəm.
   - Siz bir neçə dəfə demisiniz ki, filmlərinizdə baş verən hadisələr müasir terrorizmlə eyni xarakter daşıyır.
    - İnsanları zorakılığa vadar edən səbəblər məni həmişə düşündürüb. Axı bunun bir əsası, səbəbi olmalıdır. Səbəb həmişə vəziyyətlərdən asılı olur: zülm, ümidsizlik, şirnikləndirmə. Belə hallarda isə həmişə kimsə insanların vəziyyətindən yararlanaraq problemi həll edəcəyini deyir. Hər şey ümidsiz və alçaldıcı vəziyyətdən başlayır. Faşizm bunun əsas nümunələrindən biridir. Bunu stalinizmə, din pərdəsi altında radikal cərəyanlara da aid etmək olar.
   - Bəs bunun kökündə nə dayanır?
   - Hər şeyin kökündə tərbiyə, təhsil dayanır. Təhsil deyəndə tərbiyəni də nəzərdə tuturam. Tərbiyə insanlığın çətin problemlərindən biridir. «Ağ lent»də uşaqlar faşizmdə yetkinləşiblər. Amma filmin əsas mövzusunu yalnız alman faşizmi ilə yozmaq düzgün olmazdı.
   - «Ağ lent»də diqqətimi çəkən fərqli dil üslubu idi. Bunu həmçinin sənədli danışıq tərzinə cəhd kimi anlamaq olar? Ümumiyyətlə, bu film sənədli faktlar əsasında çəkilib və ya bədii təxəyyüldür?
   - Yox, hamısı təxəyyüldür. Filmin ağ-qara çəkilməsində əsas məqsəd kollektiv şüurda həmin zamanı daha yaxşı anlatmaq idi. Belə tamaşaçı daha asan qavraya bilər. Ağ-qara material işığa çox az həssasdır, biz filmin bir hissəni yalnız şam və lampa işığı ilə çəkdik. Mən iki dəfə televiziya üçün ədəbi əsər ekranlaşdırmışam və yalnız bəzi epizodları rəngli çəkmişəm, amma əksər hissələr ağ-qara olub. Əgər məndən olsaydı, yalnız ağ-qara çəkərdim. Belə forma tamaşaçı ilə zaman məsafəsi yaradır.
   - Siz bundan əvvəlki filminizi ingiliscə, bəzi filmlərinizi isə fransızca çəkmisiniz. Uzun müddətdən sonra yenidən almanca çəkdiniz. Fərq hiss etdinizmi?
   - Çox çətin oldu. Film mürəkkəb idi, çünki obrazlar çox idi və üstəlik uşaq obrazları da vardı. Öz dilimizdə (almanca - red.) çəkmək daha asandır. Baxmayaraq ki, çəkiliş zamanı digər dillərdə göstərişləri verə bilirəm, amma buna olan reaksiyaları qiymətləndirmək çətin olur.
   - Aktyorların filmin dili ilə bağlı çətinliyi oldumu?
   - Şübhəsiz. Amma mənim artıq belə təcrübəm vardı. İstifadə olunan dil indi müasir filmlərdə geniş yayılan jarqon deyildi. Kafkanın «Qəsr» əsərini televiziya üçün çəkəndə, onun çox çətin dili vardı. Buna görə də böyük teatr təcrübəsi olan aktyorlarla işlədim, çünki onlar bu cür mürəkkəb mətnlərlə məşğul olublar. Almaniyadakı kinoaktyorlar bunu oynamağı əsla bacarmazdılar. Uşaqların mətnlərini qısaltsaq da, yenə də onlar üçün asan olmadı.
   - Yaxın illərdə biz sizdən nə gözləyə bilərik?
   - Yaxınlarda yeni film çəkməyi düşünürəm, o yaşlı insanların fiziki düşkünlüyündən bəhs edəcək. Yaxın günlərdə çəkilişlərə başlamaq istəyirəm. Bu dəfə də İzabell Yupperlə işləyəcəyəm.
   
   Hazırladı: Sevda Əliəşrəfqızı






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar