Ölkədən qanunsuz çıxarılmasına cəhd edilən və gömrük sərhədində saxlanılan mədəni sərvətlərin sərgisi keçirilib 
   
   Yanvarın 27-də Muzey Mərkəzinin sərgi qalereyasında "Azərbaycan gömrüyü mədəni irsin keşiyində" adlı sərgi açılıb. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 25 illiyi münasibətilə təşkil olunan sərgidə müxtəlif illərdə ölkədən qanunsuz çıxarılmasına cəhd edilən və gömrük orqanları tərəfindən saxlanılan milli-mənəvi dəyərlərə malik əşyalar nümayiş olunub.   
   Tədbirdə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Dünya Gömrük Təşkilatının (DGT) baş katibi Kunio Mikuriya və digər rəsmi şəxslər iştirak edib.
   Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev çıxış edərək bildirib ki, Azərbaycan gömrükçüləri tarixi-mədəniyyət abidələrinin ölkə ərazisindən çıxarılmasının qarşısını almaqla yanaşı, bu cür maddi-mənəvi dəyərlərin təbliğində də yaxından iştirak edirlər. Bu zərurətdən irəli gələrək 2006-cı ildə Dövlət Gömrük Komitəsinin Gömrük Tarixi Muzeyi yaradılıb.
   Muzeyin kolleksiyasının böyük hissəsini gömrük əməkdaşlarının sərhəddə saxladıqları və məhkəmə orqanları tərəfindən müsadirə edilən elmi, tarixi və bədii əhəmiyyət kəsb edən mədəni sərvətlər təşkil edir. Kolleksiya müxtəlif mövzulu sərgilərdə nümayiş olunub. 
   Komitə sədri qeyd edib ki, muzey kolleksiyası əsasında formalaşan "Azərbaycan gömrüyü mədəni irsin keşiyində" adlı sərgilər 2008-2014-cü illərdə İsveçrə, Vatikan, Avstriya, Fransa, Makedoniya, ABŞ, Argentina, Uruqvay, Mərakeş və digər ölkələrdə təşkil edilib.
   Qeyd edək ki, Azərbaycan gömrüyünün qaçaqmalçılıqla mübarizəsi təkcə strateji əhəmiyyətli malların ölkədən qanunsuz çıxarılması, yaxud ölkəyə gətirilməsi ilə məhdudlaşmır. Gömrük sərhədlərində muzey əhəmiyyətli rəsm əsərləri, xalçalar, dini əşyalar və kitablar, qədim əlyazmalar, silahlar, qablar, sikkələr və sair aşkar olunur və saxlanılır.
   Son illər Azərbaycan Respublikasının gömrük sərhədindən qanunsuz keçirilməsinə cəhd edilən yüzlərlə qədim və qiymətli tarixi-mədəniyyət nümunəsi gömrük işçiləri tərəfindən saxlanılıb və müvafiq sənədləşmə aparıldıqdan sonra müsadirə edilərək aidiyyəti qurumlara - muzeylərə, kitabxanalara, dini ocaqlara və digər müəssisələrə təhvil verilib.