Yanvarın 27-də Bakıdakı “Landmark” biznes mərkəzində Yaponiyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə yapon filmləri festivalının açılış mərasimi oldu.
Tədbirdə Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi çıxış edərək ölkələrimiz arasında siyasi və mədəni sahədə əlaqələrdən danışdı. Bildirdi ki, belə tədbirlər mövcud əlaqələrin daha da möhkəmlənməsinə təkan verir, ölkələrin bir-birinin mədəniyyəti, məişəti ilə yaxından tanış olmasına şərait yaradır. Yapon filmlərinin Azərbaycanda nümayişi həm də kinematoqrafiya sahəsində çalışan insanlar üçün məlumat xarakteri daşıyır.
Qeyd edildi ki, səfirlik tərəfindən bir neçə ildir ənənəvi olaraq Bakıda Yaponiya filmləri festivalı təşkil olunur: “İnanırıq ki, ötən illərdə olduğu kimi, bu dəfə də kinosevərlər festivaldan zövq alacaqlar. Festival Azərbaycan xalqına Yaponiya mədəniyyəti və yaponların düşünmə tərzini daha dərindən tanıtmaq üçün gözəl fürsət yaradacaq və iki millət arasında daha yaxşı qarşılıqlı anlaşmanın qurulmasını təmin edəcək”.
Festival proqramına beş ekran əsəri - “Məktub”, “Pekorosun anası ilə görüş”, “Kaitan şəhərinin əhvalatları”, “Sən yaxşı uşaqsan” və “Çevrəmizdəkilər” filmləri daxil idi. Festivalın açılış günü “Sən yaxşı uşaqsan” filmi təqdim olundu. Tamaşaçılar yapon dilində səslənən bu ekran əsərini ingilis dilində subtitrlər vasitəsilə izlədilər.
Qeyd edək ki, üç gün davam edən festivala yanvarın 29-da yekun vurulub. Festival çərçivəsində hər gün üç seansla təqdim edilən 5 yapon filmi kinosevərlər tərəfindən maraqla qarşılanıb.
Lalə