Bakıda keçirilən regional seminar bu sənət sahəsində vəziyyəti qiymətləndirmək üçün yaxşı imkan oldu
Xəbər verdiyimiz kimi, 25-27 yanvar tarixində Azərbaycan Xalça Muzeyində Beynəlxalq Muzeylər Şurası (İCOM) Azərbaycan Milli Komitəsi, İCOM Gürcüstan Milli Komitəsi və P.S.Həmzətova adına Dağıstan Təsviri İncəsənət Muzeyi ilə birgə “Zərgərlik sənəti muzey məkanında: dünən, bu gün, sabah” mövzusunda regional seminar keçirildi.
Azərbaycan, Gürcüstan və Dağıstandan mütəxəssislərin - zərgərlik kolleksiyalarının kuratorları, zərgərlər, qiymətli metal və daşlar üzrə rəssamlar, dizaynerlər, bərpaçılar, marketinq menecerlərinin qatıldığı tədbir aktual mövzulu mühazirə və diskussiyalarla yadda qaldı.
Seminarın sonuncu günü sənətşünas Cahangir Səlimxanovun “Zinet-i Zishan” yeni zərgərlik brendinin yaranması və təbliği” və Xalça Muzeyinin əməkdaşı Mira Məmmədxanovanın “Azərbaycan Xalça Muzeyinin zərgərlik kolleksiyasında saxlanılan şəbəkə üslubunda hazırlanan məmulatlar və zərgər Rəşid Məmmədovun yeni əldə olunmuş müəllif işləri” mövzularında məruzələri maraqla qarşılandı.
Azərbaycanda zərgərlik sənəti min illərdən bəri böyük bir inkişaf yolu keçib. Bu da xalqımızın mədəni irsinin zənginliyində, bədii-texniki xüsusiyyətlərində özünü göstərir. Regional seminar çərçivəsində Xalça Muzeyinin kolleksiyasından təqdim edilən zərgərlik nümunələrinin sərgisi də bunu sübut edirdi. Sərgidə nümayiş etdirilən yüksək bədii dəyərə malik zərgərlik əşyaları qiymətli materiallardan basma, döymə, minalı, oyma, şəbəkə və digər texniki üsullarla hazırlanmışdı.
Muzey keçmişlə yanaşı, müasir meylləri də
əks etdirməlidir
Seminarla bağlı fikirlərini bizimlə bölüşən sənətşünas Cahangir Səlimxanov sənətkarların öz yaradıcılıq imkanlarını ortaya qoyması baxımından bu layihəni yüksək qiymətləndirdi: “Bu seminar vasitəsilə nəinki öz imkanlarımız, həmçinin Gürcüstan və Dağıstandan olan zərgərlərin də əl işləri ilə tanış olduq. Sərgi qocaman zərgərlərlə yanaşı, şəbəkə üslubunda işləyən gənc nəsli də görüşdürə bildi. Bizi həmişə düşündürürdü ki, görəsən, zərgərlikdə şəbəkə sənəti nə vəziyyətdədir və həyata keçirilən seminar bu sahədəki vəziyyəti açıq şəkildə görmək imkanı qazandırdı”.
Sənətşünasın fikrincə, muzey təkcə keçmişi deyil, bu günü də əks etdirməlidir. Sənətdə bu gün baş verən hadisələr bir neçə ildən sonra artıq tarixə çevrilir. Ona görə də bütün dünyada belə tendensiya var ki, muzeylər mütləq müasir meylləri də özündə əks etdirməlidir: “Seminarda müasir zərgərlərin əl işlərini hansı yolla əldə etmək kimi fikirlər səsləndi. Bunu müəyyən maddi dəstəklə muzeylər həyata keçirməlidir. Sənət nümayiş olunanda yeni ideyaların yaranmasına şərait yaradır. Tədbirdə Gürcüstan və Dağıstanın da təmsil olunması, müştərək sərgilərin keçirilməsi mədəni irsdə oxşarlıqları və fərqlilikləri görməyə imkan verdi. Təqdirəlayiq haldır ki, Heydər Əliyev Fondu Azərbaycan incilərini dünyanın bir çox yerlərində nümayiş etdirir. Bu yolu davam etdirərək müəyyən addımların atılması yalnız işin xeyrinə olardı”.
Cahangir müəllim deyir ki, mədəni irs nümunələrini muzeylərdə qoruyub saxlamaqla kifayətlənməməliyik: “Muzeyin işi qorumaq və keçmişi göstərməkdən ibarət deyil. Biz təbliğ etməyi də bacarmalıyıq. Zərgərlik məişətdə istifadə olunan sənət növüdür. Əgər bunu yenidən gündəmə gətirə biliriksə, dəblə geyinmiş Azərbaycan gənci milli üslublu bir zinət əşyasından istifadə edirsə, demək biz o ənənəni qoruyub yaşada bilirik”.
Azərbaycan Xalça Muzeyinin direktor müavini Fəxri Əyyubov bildirir ki, muzeylər sənədli, maddi təsviri incəsənət əsərlərində ifadə olunan böyük sayda informasiyanı qoruyub saxlayır. Unikal sənət nümunələri və kolleksiyalar muzeylər tərəfindən böyük qayğı ilə nəsildən-nəslə ötürülür. Müasir dövrdə bu işin yeni tərəflərini, açıqlığını təmin etmək və təkmilləşdirərək daha böyük nəticələr əldə etmək lazımdır.
Onun sözlərinə görə, muzeydə qorunan istənilən məmulat onun maddi-mədəni dəyəri ilə ölçülür. Zinət əşyalarının nümayiş olunduğu muzeylər xüsusi populyarlıq qazanmış muzeylərdir. Qiymətli metallardan hazırlanmış zinət əşyaları yüksək bədii sənət nümunələridir. Bu sənət nümunələrinin qorunması isə dövlət tərəfindən uçot-mühafizə işinin qaydalarına əsasən həyata keçirilir. Muzey sərvətinin qorunması üçün lazımi şəraitin yaradılması, muzey sərvətinin uçotunun aparılması, onun ehtiyat, daimi ekspozisiya, yaxud sərgidə nümayiş olunması və s. hallar nəzərə alınmalıdır. Zərgərlik məmulatlarının qorunmasında ilk növbədə fiziki mühafizə lazımdırsa, təhlükəsizliyin təmin edilməsi də çox vacibdir. Təbii ki, bütün bunlarla yanaşı muzey sərvətlərinin qorunması üçün elmi inventarlaşma, bərpa və konservasiya, gecə və gündüz mühafizəsi də xüsusi qeyd edilməlidir: “Biz bu gün kəlağayı sənətini necə yaşadıb təbliğ ediriksə, milli ornamentli zinət əşyalarımızı da eləcə qorumalı, onu gələcək nəslə ötürməyi bacarmalıyıq”.
Lalə