Məşhur sənətkarların əsərlərinin yeni ruhda təqdimatı
Yanvarın 27-də Azərbaycan Milli İncəsənət Muzeyinin 80 illik yubileyi ilə bağlı muzeyin və gənc rəssamların birgə layihəsi olan “Reinkarnasiya” sərgisinin açılışı keçirildi. Qeyd edək ki, bu sərgi hələ ötən il hazırlansa da, müəyyən səbəblərdən reallaşmamışdı.
Tədbiri giriş sözüylə MİM-in direktor müavini Əminə Məlikova açaraq sərginin mahiyyəti haqqında iştirakçılara bilgi verdi. Bildirdi ki, bu gün əsərləri nümayiş olunan rəssamlar bir müddət öncə muzeyimizə gələrək belə bir ideyaları olduğunu bildirdilər. Bu təklif muzeyin direktoru, professor Çingiz Fərzəliyev tərəfindən razılıqla qarşılandı. Sərgidə rəssamlar Elşən Sərxanoğlu, Məmməd Rəşidov, Vüqar Quliyev, Aydın Əsgərov, Elşən Karaca, Emin Qəhrəmanovun 15-dək rəngkarlıq və 5 heykəltəraşlıq əsəri yeni yozumda çağdaş baxış bucağından sənətsevərlərə təqdim edilir.
Burada müasir Azərbaycan rəssamlarının muzeyin qızıl fonduna daxil olan və stasionar ekspozisiyada nümayiş etdirilən məşhur rəssam və heykəltəraşların əsərləri əsasında yaratdıqları reinkarnasiya (ruhun yenidən qayıdışı, doğulması) olunmuş avanqard üslublu əsərlər nümayiş olunur. Həmin əsərləri məşhur fırça ustaları Yan Stik, Jan Fraqonar, Dmitri Antonelli, Pyotr Vereşşagin, Jozef Bernar, Fransua Larşe və başqa müəlliflərin məşhur əsərlərinə yeni baxış adlandırmaq olar.
S.Qaliboğlu