“İndi vaxt keçdikcə, biz daha aydın şəkildə görürük ki, Niyazi dahi şəxsiyyət idi”
   
   Fevralın 2-də Bakının Niyazi küçəsində yerləşən parkda görkəmli dirijor, SSRİ Xalq artisti, maestro Niyazinin abidəsinin açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlətimizin başçısı maestro Niyazinin abidəsinin açılışını edib.   
   Bürüncdən hazırlanan heykəlin müəllifi Xalq rəssamı Ömər Eldarov, memarı Əməkdar memar Elbay Qasımzadədir. Abidənin hündürlüyü 3, pyedestalının hündürlüyü 1 metrə yaxındır. Heykəlin üst plitəsi royalın qapağı formasındadır, pyedestal qara qranitdən hazırlanıb. 
   Mərasimdə çıxış edən Prezident İlham Əliyev Azərbaycan xalqının böyük oğlu Niyazinin abidəsinin açılmasının əlamətdar hadisə olduğunu vurğulayıb: “Niyazi böyük Üzeyir Hacıbəylinin layiqli davamçısı idi. Niyazi Azərbaycan dirijorluq məktəbinin əsasını qoymuşdur və bu gün onun davamçıları öz sənəti ilə bizi sevindirirlər. O, Sovet İttifaqında ən tanınmış və ən istedadlı dirijorlardan biri idi. Azərbaycanı, Azərbaycan xalqını həm sovet məkanında, həm dünyada layiqincə təmsil edirdi, xalqımızın istedadını nümayiş etdirirdi. Onun dirijorluq sənəti xalqımızın böyük dəyəridir və demək olar ki, Azərbaycan bəstəkarlarının bütün simfonik əsərlərinin birinci dirijoru Niyazi olmuşdur. Dünyada və sovet məkanında dirijor kimi tanınan Niyazi, eyni zamanda, gözəl bəstəkar idi, onun əsərləri bu gün də yaşayır”.
   Prezident Niyazinin böyük ictimai fəaliyyətinin də olduğunu, onun bir neçə çağırış Azərbaycan Ali Sovetinin deputatı seçildiyini, SSRİ Xalq artisti adına layiq görüldüyünü, Sovet İttifaqının ən böyük mükafatı - Sosialist Əməyi Qəhrəmanının qızıl ulduzu ilə təltif edildiyini diqqətə çatdırıb: “Bu təltiflər və eyni zamanda, ona verilmiş beynəlxalq mükafatlar doğrudan da onu göstərir ki, Niyazi böyük şəxsiyyət, böyük sənətkar və Azərbaycan xalqının layiqli nümayəndəsi idi. Biz haqlı olaraq onun sağlığında da onunla fəxr edirdik, bu gün də fəxr edirik.
   Mənim Niyazi ilə bağlı öz xatirələrim var. Atam, ulu öndər Heydər Əliyevlə onu dostluq əlaqələri bağlayırdı. Heydər Əliyev həmişə Niyaziyə çox böyük diqqətlə, qayğı ilə yanaşırdı. Dəfələrlə Niyazi müəllim və Həcər xanım bizim evimizdə olmuşlar. O məclislərdə mən də iştirak etmişdim və görürdüm ki, doğrudan da Niyazi çox gözəl insandır. Onu tanıyanlar bilirlər ki, onun çox gözəl xatirələri olmuşdur, çox zarafatcıl idi, onda çox böyük yumor hissi var idi. O xatirələr bu gün də mənim yaddaşımda yaşayır, bu, unudulmaz günlər idi. İndi vaxt keçdikcə, əlbəttə, biz daha aydın şəkildə görürük ki, Niyazi dahi şəxsiyyət idi”.
   Prezident vurğulayıb ki, Azərbaycan dövləti mədəni irsimizə həmişə böyük diqqətlə yanaşır: “Biz görkəmli şəxsiyyətlərimizin xatirəsini yaşadırıq, əbədiləşdiririk. Son bir neçə il ərzində şəhərimizin mərkəzində ardıcıllıqla görkəmli mədəniyyət xadimlərinin - Fikrət Əmirovun, Qara Qarayevin, Bülbülün, Rəşid Behbudovun abidələri açılmışdır. Bu gün bu gözəl parkda, Niyazinin adını daşıyan bu gözəl küçədə Niyazinin abidəsi də açılır. Niyazinin adı əbədiləşdirilib. Azərbaycan teleradio şirkətinin simfonik orkestri, uşaq musiqi məktəbi, gəmi, küçə onun adını daşıyır.
   Onu da qeyd etməliyəm ki, bu il bir neçə görkəmli şəxsiyyətlərimizin yubiley tədbirləri dövlət səviyyəsində qeyd ediləcək. Bülbülün 120 illik, Tofiq Quliyevin, Cövdət Hacıyevin 100 illik, Mstislav Rostropoviçin 90 illik yubileyləri bu il, Qara Qarayevin 100 illik yubileyi isə gələn il keçiriləcək. 
   Ümumiyyətlə, demək istəyirəm ki, biz öz mədəni irsimizə çox sadiqik və müstəqil Azərbaycan dövləti çox güclü milli-mənəvi köklər, əsaslar üzərində qurulubdur. Biz müstəqil, müasir ölkəyik. Ancaq bizim gücümüzün mənbəyi milli tariximizdir, keçmişimizdir, mədəniyyətimizdir”. 
   Qeyd olunub ki, Azərbaycan dövlətinin siyasətinin əsas istiqamətlərindən biri də humanitar sahə - mədəniyyət, incəsənət və ədəbiyyat ilə bağlıdır: “Son illər ərzində bu istiqamətlərdə böyük işlər görülmüşdür. Bizim 20-dən çox teatrımız, muzeyimiz əsaslı şəkildə təmir olunub. Azərbaycan o ölkələrdəndir ki, hətta iqtisadi çətinliklərə baxmayaraq, mədəniyyətin inkişafına maliyyə və maddi dəstəyini əsirgəmir. Çünki bu, həm bu gün üçün, həm də gələcək üçün lazımdır. Öz mədəniyyətini qoruyan dövlətlər həm hörmətə layiqdir, eyni zamanda, daha böyük uğurlar qazanır. Bax, biz o dövlətlərdənik. Bizim mədəniyyətimiz qürur mənbəyimizdir. Biz mədəniyyətimizi qoruyuruq və çox şadam ki, çox gözəl gənc nəsil yetişir. Bizim gənc nəsil artıq həm müasir musiqini öyrənir, eyni zamanda, öz milli köklərinə çox sadiqdir. Azərbaycanda keçirilən, həm yerli, həm də beynəlxalq iştirakçıların qatıldığı muğam festivalları, muğam müsabiqələri çox böyük maraq doğurur və bütün bölgələrdən olan gənclər, uşaqlar, yeniyetmələr çalışırlar ki, o müsabiqələrdə iştirak etsinlər, özlərini göstərsinlər. Bu, çox əlamətdar hadisədir. Bu, sadəcə olaraq bir musiqi müsabiqəsi deyil. Muğam müsabiqələri bizim milli musiqimizi yaşadan tədbirlərdir. Bu tədbirlərin çox böyük əhəmiyyəti var. Müxtəlif bölgələrdə muğam evlərinin yaradılması, musiqi məktəblərinin tikilməsi bu istiqamətdə atılan düzgün addımlardır. Mən son illər ərzində bölgələrdə dəfələrlə musiqi məktəblərinin, uşaq yaradıcılıq mərkəzlərinin, muğam mərkəzlərinin açılışlarında olmuşam və bütün bu binalar, orada yaradılmış şərait əlbəttə ki, bizi sevindirir və bir daha bizim niyyətimizi göstərir. Bugünkü mərasim, yəni, böyük sənətkar Niyaziyə ucaldılmış bu abidənin açılışı bax, bu sıradan olan addımlardır”.
   * * *
   Sonra Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, bəstəkar, Xalq artisti Faiq Sücəddinov, beynəlxalq müsabiqələr laureatı, dirijor Əyyub Quliyev, Xalq rəssamı, heykəltəraş Ömər Eldarov çıxış ediblər.
   Prezident İlham Əliyev abidənin önünə gül dəstəsi qoyub. Dövlət başçısı mərasimdə iştirak edən mədəniyyət və incəsənət xadimləri ilə söhbət edib.
   Sonda xatirə şəkli çəkdirilib.
   Qeyd edək ki, Niyazi dirijorluq fəaliyyətinə ötən əsrin 30-cu illərində başlayıb. 1935-ci ildə ilk dəfə olaraq Azərbaycan xalq musiqisinin klassik nümunələrini - “Rast” və “Şur”u nota köçürən Niyazi 1946-cı ildə gənc dirijorların baxış-müsabiqəsinin laureatı adını qazanıb, 1949-cu ildə ən məşhur əsərini - “Rast” simfonik muğamını yazıb. Böyük sənətkar müxtəlif vaxtlarda Azərbaycan və SSRİ dövlət mükafatlarına, Hindistanın C.Nehru adına beynəlxalq mükafata layiq görülüb. Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və dirijoru olub.