“Mədəniyyət və incəsənətin inkişafını gəncliyin baxışlarından kənarda təsəvvür etmək mümkün deyil”
Fevralın 2-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) birgə təşkilatçılığı ilə gerçəkləşən “Gəncliyin səsi” festivalının açılışı keçirildi.
İştirakçılar əvvəlcə mərkəzin foyesində gənc istedadların əsərlərindən ibarət rəsm sərgisi ilə tanış oldular.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ulu öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı fərmana əsasən ölkəmizdə Gənclər Gününün qeyd olunduğunu, bu münasibətlə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən də hər il silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırdı. Bildirdi ki, 2012-ci ildən keçirilən “Gəncliyin səsi” festivalı gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, yaradıcılıq nailiyyətlərinin dəstəklənməsi, yeni simaların aşkar olunması məqsədi daşıyır: “Ümummilli lider Heydər Əliyev gəncliyi hər mənada güclü görmək istəyirdi və bunun üçün əlindən gələni əsirgəmirdi. Ulu öndər gənc nəslə diqqət və qayğının artırılması, istedadlı gənclərin üzə çıxarılıb tanıdılması və onların yaradıcılıq imkanlarının inkişafı üçün dəstək verilməsi məqsədilə 2 fevralı Gənclər Günü elan etdi. Çünki gənclik millətin gələcəyi, inkişafı deməkdir. Gəncliyin möhkəmliyi onun sağlam təfəkküründən, düşünmə qabiliyyətindən asılıdır. Ağıllı, savadlı gənclər xalqımızı irəli apararaq ölkəmizin daha da inkişafına səbəb olacaqlar”.
Nazir mədəniyyət və incəsənətin inkişafını gəncliyin baxışlarından kənarda təsəvvür etməyin mümkünsüz olduğunu dedi: “Ölkəmizdə dövlət siyasətinin ən böyük prioritetlərindən biri də gənclərin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdir. Gənclər Gününə həsr olunmuş tədbirlər ildən-ilə daha böyük format alır. Bu il də bir neçə gün davam edəcək festival çərçivəsində paytaxtla yanaşı, bölgələrdə də tədbirlər keçiriləcək”.
Əbülfəs Qarayev bu gün ölkəmizin mədəni, ictimai və idman həyatında gənclərin rolunun böyük olduğunu vurğuladı. Bildirdi ki, ölkəmizdə təşkil olunan mötəbər beynəlxalq tədbirlərdə gənclərimiz könüllü olaraq layiqincə iştirak edirlər. Bu da onların Vətənə, millətə və dövlətə nə qədər bağlı olmalarının bariz nümunəsidir.
Nazir əlamətdar gün münasibətilə gəncləri təbrik edərək onlara gələcək işlərində uğurlar arzu etdi.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov çıxış edərək Gənclər Gününün qeyd olunmasının əhəmiyyətindən danışdı. Qeyd etdi ki, “ASAN Xidmət” mərkəzlərində çalışanların böyük əksəriyyəti gənclərdir.
Könüllülük fəaliyyəti barədə danışan İnam Kərimov qurumun işinin təşkil olunmasında “ASAN könüllüləri”nin böyük əməyi olduğunu vurğuladı. Onun sözlərinə görə, on min gəncdən ibarət “ASAN könüllüləri” hərəkatı vasitəsilə bir çox layihələr həyata keçirilib. Qurum Azərbaycan mədəniyyətinin təbliği, tanıdılması sahəsində Mədəniyyət və Turizm Nazirliyi ilə sıx əməkdaşlıq edir.
Sonra Prezident təqaüdçüləri konsert proqramı ilə çıxış etdilər. Konsertdə Mircavid Cəfərov, Nəriman Əmiraslanov, Şəms Ağazadə, Kamil Həsənov, Çinarə Əzimova, Yusif Yusifov və başqaları Azərbaycan və Avropa bəstəkarlarının musiqilərini səsləndirdilər.
Qeyd edək ki, fevralın 6-dək davam edəcək “Gəncliyin səsi” festivalının proqramına gənc rəssamların sərgisi, gənc yazarlarla görüş, gənc rejissorların filmlərinin nümayişi, Bakı “ASAN Xidmət” mərkəzi könüllülərinin təqdimatında Gənc Tamaşaçılar Teatrında Əli Əmirlinin “7 məhbusə” tamaşasının premyerası, Sumqayıt “ASAN Xidmət” mərkəzi könüllülərinin həvəskar tamaşasının Sumqayıt Dövlət Dram Teatrında nümayişi, Sabirabad və ətraf rayonların gənclərinin və “ASAN könüllüləri”nin iştirakı ilə konsert və Bakı Xoreoqrafiya Akademiyası tələbələrinin konserti daxildir.
Fariz Hüseynov