Fevralın 2-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda gənc rəssamların sənət əsərlərindən ibarət sərgi açılıb.
Gənclər Günü münasibətilə açılan sərgi Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşdırılıb.
Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov ənənəvi rəsm sərgisinin təşkilini yüksək dəyərləndirib, əsərləri sərgidə nümayiş olunan gənc rəssamları təbrik edib, uğurlar arzulayıb.
Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva sərginin əhəmiyyətindən söz açıb. Bildirib ki, sərgidə 200 gənc rəssamın müxtəlif janr və mövzulu 300-dək sənət əsərinin nümayiş olunması sevindirici haldır.
Sonra iştirakçılar əsərlərlə tanış olublar. Sərgi üç gün davam edəcək.