Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbərinin 85 yaşı tamam olub
   
   Doğum günü Azərbaycanda Gənclər Günü ilə eyni vaxta təsadüf edən Zərifə xanım da gənclər kimi yaradıcılıq həvəsi ilə yaşayır, ölkəmizin, mədəniyyətimizin təbliğində göstərdiyi böyük xidmətləri ilə hər kəsə nümunə olur.
   Bu sözləri Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbəri, respublika “Kitab” Cəmiyyətinin sədri, Əməkdar mədəniyyət işçisi Zərifə Salahovanı ömrünün 85-ci baharına qədəm qoyması münasibətilə təbrik etməyə gələn hökumət rəsmiləri, mədəniyyət və incəsənət nümayəndələri söyləyiblər.
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva və başqaları yubilyarı təbrik ediblər. 
   Çıxış edənlər vurğulayıblar ki, doğma Vətənə və xalqa xidmət görkəmli ictimai xadim Zərifə Salahovanın fəaliyyətinin əsas hədəfidir. O, milli mədəniyyətin və milli düşüncənin inkişafına dəyərli töhfələr verib.
   2002-ci ildə Z.Salahova dünyada ilk dəfə olaraq Bakıda Miniatür Kitab Muzeyini yaradıb. Dahi rəhbər Heydər Əliyevin qayğısı sayəsində ərsəyə gələn bu muzeydə dünyanın 70-ə yaxın ölkəsində, o cümlədən Azərbaycanda çap olunan 7 mindən çox miniatür kitab toplanıb. “Kitab” Cəmiyyəti ulu öndər Heydər Əliyevlə bağlı 37 miniatür kitab nəşr edib.
   Vurğulanıb ki, Z.Salahovanın əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, “Şöhrət” ordeni ilə təltif olunub.
   Zərifə Salahovanı təbrik edən natiqlər ona uzun ömür, cansağlığı arzulayıblar.
   Bütün iştirakçılara minnətdarlığını bildirən yubilyar bundan sonra da Azərbaycan mədəniyyətinin təbliği istiqamətində yorulmadan fəaliyyətini davam etdirəcəyini söyləyib.