Xalq artisti Yusif Muxtarovun 75 illiyi qeyd edilib
Görəsən, neçə belə sənətkarımız var ki, səsi UNESCO-nun qızıl diskinə yazılaraq qorunub saxlanılır? Yəqin ki, belə xoşbəxt sənət adamlarını barmaqla saymaq olar. Azərbaycanın Xalq artisti Yusif Muxtarov məhz belə xoşbəxt tale sahiblərindəndir.
Yanvarın 31-də R.Behbudov adına Dövlət Mahnı Teatrında Xalq artisti, “Qızıl dərviş” mükafatı laureatı, tanınmış diktor Yusif Muxtarovun anadan olmasının 75 illiyi münasibətilə anım gecəsi keçirilib.
Tədbir iştirakçılarını salamlayan Xalq artisti Amaliya Pənahova deyib ki, Yusif Muxtarov onun üçün təkcə ömür-gün yoldaşı deyil, həm də əsl sənət dostu idi. Yusif Muxtarov UNESCO-nun iki qızıl diskinə səsi yazılan yeganə azərbaycanlı diktordur. Bəşəriyyət dillərinin gələcək nəslə çatdırılması və mühafizəsi məqsədilə hazırlanan bu disklərdə Azərbaycan dili Y.Muxtarov səsində təqdim olunur.
Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı, Milli Məclisin deputatı Jalə Əliyeva və başqaları Yusif Muxtarovun həyat yolundan, yaradıcılığından söz açıblar. Bildirilib ki, onun səsi ilə lentə alınmış 300-dən artıq ədəbi-bədii veriliş Azərbaycan radiosunun “qızıl fondu”na daxildir. Onun bənzərsiz səsi bu gün də yaddaşlardadır.
Gecədə Y.Muxtarovun həyat və yaradıcılığına həsr olunmuş “Qüdrətli və əvəzsiz səsin sahibi” sənədli filmi nümayiş olunub. Telli Pənahqızının müəllifi olduğu nəfis tərtibatlı “Səsin xiffəti (esse)” kitabının təqdimatı keçirilib. Kitabda Y.Muxtarovu yaxından tanıyan, sənətini qiymətləndirən, həyat və yaradıcılığına bələd olan tanınmış elm və mədəniyyət adamlarının ürək sözləri, xatirələri toplanıb.
Qeyd edək ki, Y.Muxtarov 1941-ci il iyulun 22-də Sabirabad rayonunun Kür kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra Bakıda Xalq Təsərrüfatı İnstitutunda ali təhsil alıb. Fitri istedadı, incəsənətə marağı onu sənətə gətirib çıxarıb. Azərbaycan Dövlət İncəsənət İnstitutunda oxuyub. 1964-cü ildən Azərbaycan Dövlət Teleradio Komitəsində diktor kimi fəaliyyətə başlayıb. 1994-cü ilədək diktor, ictimai-siyasi verilişlər redaksiyasının baş redaktoru, diktor şöbəsinin bədii rəhbəri vəzifələrində çalışıb. 30 il Azərbaycan radiosunda aparıcı diktor kimi fəaliyyət göstərib.
Onun fəaliyyəti təkcə radio ilə məhdudlaşmayıb. Tələbəlik illərindən başlayaraq, teatr səhnəsində oynadığı rollar onun aktyorluq istedadını üzə çıxarıb. Bədii (“Baladadaşın ilk məhəbbəti”, “Gecə qatarında qətl”) və televiziya filmlərində, teatr tamaşalarında yaddaqalan obrazlar yaradıb.
Yusif Muxtarov 1992-ci ildə fəaliyyətə başlayan Bakı Bələdiyyə Teatrının da yaradıcısı və təşkilatçısı, ilk sərəncamçı direktoru olub. İncəsənət sahəsində gələcək kadrların hazırlanmasında da böyük zəhmət çəkib. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti olub, tələbələrə səhnə danışığı fənnini tədris edib. Görkəmli sənətkar 2010-cu ildə vəfat edib.
Gecədə sənətkarla bağlı unudulmaz xatirələr söylənilib və onun əsl diktor kimi qoyub getdiyi irsin gənc nəslə örnək olduğu vurğulanıb.