Altı nominasiya üzrə qaliblər mükafatlandırıldı, Qran-pri isə təqdim olunmadı
Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi və “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin birgə təşkil etdiyi VII “Start” Tələbə və Gənclərin Beynəlxalq Film Festivalı noyabrın 24-də başa çatdı. Kinematoqrafçılar İttifaqının Kino Evində keçirilən bağlanış mərasimində çıxış edən festivalın münsiflər heyətinin sədri, rejissor Yavər Rzayev tədbirin tələbələrin və gənclərin həyatında həqiqətən böyük rol oynadığını qeyd etdi.
Münsiflər heyətinin gərgin müzakirələrdən sonra yekun qərara gəldiyini deyən Y.Rzayev baş mükafata - Qran-priyə və “Ən yaxşı cizgi filmi” nominasiyası üzrə mükafata heç bir filmin layiq görülmədiyini dedi: “İşimiz gərgin oldu. Festivalın nəticələri ilə bağlı 5 münsif arasında mübahisə yarandı. Çünki bizim fikirlərimiz üst-üstə düşmürdü. Amma ümumi götürdükdə, festivalın nəticələrini müsbət qiymətləndirirəm. Sadəcə, gənclərə məsləhətim odur ki, filmləri çəkəndə daha ürəklə və həvəslə işləsinlər. Müzakirələrdən çəkinməsinlər”.
“Start” Tələbə və Gənclərin Beynəlxalq Film Festivalının direktoru, “Cinema” Mərkəzinin rəhbəri Fehruz Şamıyev isə builki festivalı əvvəlkilərdən yüksək dəyərləndirdi: “Bizim məqsədimiz festivalı regionda birinci kino tədbiri kimi tanıtdırmaq idi. Amma 7-ci “Start” nəzərdə tutulan sərhədləri aşdığını göstərdi. Festival MDB məkanında, Yaxın Şərqdə nüfuz qazanıb. Biz artıq Avropa ölkələrinin diqqətini də özümüzə cəlb etmişik. Bu isə Azərbaycan kinosunun inkişafında, gənc kinematoqrafçıların yetişməsində mühüm bir addımdır”.
Daha sonra F.Şamıyev festivala dəstək olan Mədəniyyət və Turizm Nazirliyinə, Gənclər və İdman Nazirliyinə, digər təşkilatlara və festivala qatılan hər bir kəsə öz minnətdarlığını bildirdi.
Ardınca mükafatlandırma mərasimi keçirildi. Rejissor Yavər Rzayevin rəhbərlik etdiyi münsiflər heyəti 6 nominasiya üzrə qalibləri müəyyən edib.
Beləliklə, “Ən yaxşı bədii film” nominasiyasında ukraynalı rejissor Boqdana Smirnova “Vakant yer” filminə görə, “Ən yaxşı sənədli film” nominasiyasında İranı təmsil edən Kaveh Bəhrami “Başlanğıc cığırı” filminə görə, “Ən yaxşı tələbə bədii filmi” nominasiyasında gürcüstanlı Georgi Qobaliya “Adsız bitki” filminə görə, “Ən yaxşı tələbə sənədli filmi” nominasiyasında rusiyalı Qleb Klişeviç “Dəstə” filminə görə, “Ən yaxşı eksperimental film” nominasiyasında türkiyəli Can Eren “Səssiz otaq” filminə görə, “Ən yaxşı sosial çarx” nominasiyasında ukraynalı Alan Ostanin “Tort” filminə görə qalib elan olundular.
Jürinin xüsusi mükafatına isə “Oyan” filminə görə Vüsal Naib və “Dumanda” filminə görə Elvin Adıgözəl (hər ikisi Azərbaycandan) layiq görülüb.
Qeyd edək ki, üç gün davam edən festival çərçivəsində 16 ölkədən tələbə və gənclərin 100-ə yaxın müxtəlif janrda çəkilmiş filmləri nümayiş olunub. Bundan əlavə, festival çərçivəsində jürilərdən iranlı rejissor Nadir Saivənin, rusiyalı prodüser və rejissor Rodion İsmayılovun və gürcüstanlı rejissor David Caniledzenin ustad dərsləri keçirilib. Ustad dərslərində İran, Rusiya və Gürcüstan kinosundakı müasir proseslər, əsasən də prodüser kinosu haqqında bilgilər verilib. Tələbə və gənclər Rusiyada yaşayan həmyerlimiz, əslən Tovuz rayonundan olan Rodion İsmayılovla onun “Köç” sənədli filmini müzakirə ediblər.
İntiqam Hacılı