“Turistlər bu suvenirləri alıb apardıqda ölkəmizi xoş duyğularla xatırlayırlar”
   
   Ağacoyma ustası Fərhad Hacıyev 1967-ci ildə Naxçıvan MR-in Culfa rayonunun Bəyəhməd kəndində anadan olub. 1988-ci ildə Bakıdakı Bakıxanov qəsəbəsində incəsənət təmayüllü 84 saylı Peşə məktəbinə müsabiqə yolu ilə daxil olub, ağac üzərində bədii oyma ixtisası üzrə təhsil alıb. Məktəbi fərqlənmə diplomu ilə bitirib. Sonra Bakı Yerli Sənaye Texnoloji Texnikumunda qiyabi oxuyub. Eyni zamanda 84 saylı məktəbdə istehsalat təlimi ustası vəzifəsində çalışıb. Həmin vaxtdan indiyəcən bu maraqlı peşəni gənc nəslə öyrədir. 
   F.Hacıyev: “Son illərdə peşə məktəbləri birləşdikdən sonra çalışdığım məktəb 12 saylı Bakı Peşə Liseyi adlandı. Ağac üzərində bədii oyma peşəsi respublikamızda yalnız burada tədris olunur. Təhsil müddəti üç ildir. Hazırda rəhbərlik etdiyim ikinci kurs ağac üzərində naxış rəssamı qrupu 20 nəfərdən ibarətdir. Hər zaman çalışıram ki, dekorativ-tətbiqi və milli xalq sənətinin sirlərini şagirdlərə dərindən öyrədim”. 
   Hazırda ölkənin hər yerində taxta sexləri öz yerini plastik sexlərə verib. İndi qapı və pəncərələr hamısı plastikdən düzəldilir. Belə olan halda ağacoyma ustalarının işi çətinləşmirmi? 
   Ağacoyma ustası bu suala belə cavab verir: “Məşğul olduğumuz sahə incəsənət yönümlü olduğu üçün taxta məmulatlarının plastiklə əvəz olunmasının bizə heç bir mənfi təsiri yoxdur. Məişətdə istifadə edilən əşyaların demək olar, hamısında bəzək işləri işləmək gərək olduğuna görə bizim sənət heç zaman dayana bilməz. Bundan sonra da işimizə tələbat olacaq”. 
   Oymaçı bildirir ki, hazırda ölkəmizə çoxlu turist axını olduğuna görə milli üslubda suvenirlərə tələbat daha çoxdur. Xarici turistlər bu suvenirləri öz ölkələrinə alıb apardıqda ölkəmizi xoş duyğularla xatırlayırlar. 
   Bəs hansı ağac növləri oymaçılıq işinə yarayır? F.Hacıyev vurğulayır ki, əsasən bədii oyma sənətində cökə, qoz, şabalıd, fıstıq, göyrüş və palıd ağaclarından geniş istifadə olunur. Ən gözəl suvenir əşyalar isə cökə və qoz ağacından alınır. 
   
   S.Qaliboğlu