Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda “Azərxalça” ASC-nin filiallarının sayının bu il 10-a çatdırılacağı ilə bağlı səsləndirdiyi fikir bizim üzərimizə böyük məsuliyyət qoyur.
Bu sözləri “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov deyib. O bildirib ki, artıq Füzuli rayonunun Horadiz şəhərində xalça emalatxanası fəaliyyət göstərir. Mart ayının sonunda Şəmkirdə bir filialımız hazır olacaq. Ondan sonra bu ilin sonunadək Tovuz, Ağstafa, Qazax, Quba, Xaçmaz, Qəbələ, İsmayıllı və Ağdam rayonlarında filiallar açılacaq.
Filiallarda istehsal olunacaq məhsulların satış məsələsinə toxunan V.Muradov qeyd edib ki, bununla bağlı heç bir problem yoxdur. “Azərxalça” bu il yanvarın 14-dən 17-dək Almaniyanın Hannover şəhərində keçirilən DOMOTEX beynəlxalq satış-sərgisində iştirak edib. Sərgidə avropalılar Azərbaycan xalçasına xüsusi maraq göstəriblər. Hazırlanan məhsulların da mühüm bir hissəsi Avropa bazarına ixrac olunacaq.