Topluya müəllifin rus dilində məqalələri daxil edilib
   
   Görkəmli maarif xadimi, yazıçı-dramaturq, publisist, tərcüməçi, folklorşünas Eynəli bəy Sultanovun (1866-1935) publisistik yaradıcılığına həsr olunan kitab çapdan çıxıb. 
   Rus dilində işıq üzü görən “Eynəli bəy Sultanov. Publisistika” adlı kitab AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli tərəfindən tərtib olunub. Nəşrin redaktoru E.Sultanov irsinin tədqiqatçısı, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədovdur. 
   E.Sultanovun qəzetçilik fəaliyyətinin böyük bir qismini Tiflisdə və Bakıda rusdilli mətbuatda çap olunan məqalələri təşkil edir. İlk qələm təcrübələrini “Tərcüman”da çap etdirən müəllif sonralar bir sıra rusdilli qəzetlərdə, eləcə də “Həyat”, “İrşad”, “İqbal”, “Molla Nəsrəddin”, “Yeni fikir” (həmin qəzetin əlavəsi olan “İşıq yol”), “Dan ulduzu”, “Şərqi-rus”, “Yeni yol”, “Qızıl şəfəq” kimi qəzet, jurnal və məcmuələrdə mütəmadi olaraq bədii, publisistik, tənqidi yazılarla çıxış edib. O, həmçinin müxtəlif illərdə “Kaspi” qəzetinin İrəvan və Naxçıvan üzrə xüsusi müxbiri, “Zakavkazye” qəzetinin şöbə müdiri, “Kavkazskaya kommuna” qəzetinin redaktoru (1921-1923), “İşıq yol” qəzetinin məsul katibi (1924-1926), “Zakavkazskaya reç” qəzetində tərcüməçi işləyib. 
   Eynəli bəy məqalələrində ümumilikdə 20-dən çox fərqli imzadan istifadə edib. Kitabda onun rus dilində 250-yə yaxın məqaləsi yer alıb. Bu nümunələr təkcə Eynəli bəyin publisistik fəaliyyətinin öyrənilməsi baxımından yox, həm də Azərbaycan mətbuat tarixinin, mədəni fikrinin, bütövlükdə müəyyən bir dövrün öyrənilməsi baxımından əhəmiyyətlidir. 
   
   F.Yunisli