Azərbaycan və Orta Asiya tələbələri ölkələrinin rəngarəng təqdimatını keçirdilər
   
   Türkiyə Baş Nazirliyi nəzdində fəaliyyət göstərən Xaricdə Yaşayan Türklər və Qohum Topluluqlar Başqanlığının (YTB) təşəbbüsü ilə “Ölkə tanıtımı” proqramına start verilib. Proqrama yanvarın 31-də Azərbaycan və Orta Asiya ölkələrinin tanıtım günü ilə başlanılıb. 
   Sovet İttifaqının dağılmasından sonra Türkiyə müstəqilliyini qazanan respublikalarla əlaqələrini gücləndirmək üçün təhsil sahəsinə xüsusi önəm verib. Tələbə mübadiləsi və ortaq təhsil sərmayələrinin təşviq edilməsi Türkiyənin bu ölkələrlə olan tarixi və mədəni bağlarının gücləndirilməsinə xidmət edir. Türk respublikaları ilə ikitərəfli razılaşmalar nəticəsində ortaya çıxan “Böyük Tələbə Layihəsi” (BOP) çərçivəsində 1992-1993 tədris ilindən etibarən Türkiyə bu ölkələrdən təqaüdlə tələbələr qəbul etməkdədir.
   Tədbirin əsas mahiyyəti isə bundan ibarət idi ki, Türkiyədə təqaüdlə təhsil alan tələbələr öz ölkələrinin tarixini, mədəniyyətini, ənənələrini, incəsənətini təqdim edirdilər. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan tələbələrin öz milli geyimlərində, slaydlar, video-görüntülərlə nümayiş etdirdikləri təqdimat maraqlı görüntülərə səhnə oldu. 
   Tədbirə YTB rəhbərinin müavini Sait Yusuf, Qazaxıstan, Qırğızıstan, Azərbaycan və Özbəkistanın Ankaradakı diplomatik missiyalarının təmsilçiləri, türk toplumlarının yaşadığı digər ölkələrdən gəlib Türkiyədə təhsil alan tələbələr qatılmışdı. Əvvəlcə milli geyimli tələbələr qonaqları öz ölkələrinin mədəniyyətini əks etdirən əl sənəti nümunələrinin sərgisi ilə tanış etdilər.
   Sait Yusuf açılış nitqi söyləyərək bildirdi ki, Orta Asiya ilə Türkiyə arasında güclü bağlar mövcuddur: “Türkiyə olaraq bu ölkələrlə iqtisadi, sosial, mədəni əlaqələri daha da inkişaf etdirmək niyyətindəyik. Bu mənada Türkiyədə təhsil alan tələbələrin üzərinə böyük vəzifə düşür. İnanırıq ki, bu tələbələr öz ölkələrinə qayıtdıqdan sonra Türkiyə ilə əlaqələri gücləndirən işlərdə böyük rol oynayacaqlar”.
   Sonra tələbələr öz ölkələrinin təqdimatına başladılar. Hər bir ölkə təqdimatından öncə həmin ölkənin himni səslənir və təqdimat masasına milli bayrağı salınırdı. 
   İlk təqdimat Azərbaycanla başladı. Ankaranın müxtəlif ali məktəblərində Türkiyə təqaüdləri ilə təhsil alan azərbaycanlı tələbələr ölkəmizin tarixi, əhalisi, coğrafi mövqeyi haqqında məlumat verdilər. Azərbaycanda dini tolerantlığın mövcudluğundan bəhs edən gənclər buna nümunə kimi məscidlər ilə yanaşı, kilsə və sinaqoqların fəaliyyətini slayd-şou ilə göstərdilər. Ölkəmizin milli musiqi alətlərindən də bəhs edildi, Azərbaycan muğamının, aşıq sənətinin, tar ifaçılıq sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyi diqqətə çatdırıldı. 
   Tədbir iştirakçılarına milli yeməklərimiz, toy adətlərimiz haqqında da məlumat verən tələbələr bu ənənələrin keçmişdən bu günə qədər yaşadıldığını qeyd etdilər. Təqdimatın maraqlı hissəsi Türkiyə türkcəsi ilə Azərbaycan türkcəsində fərqli mənalar verən “düşmək”, “qapıçı” kimi sözlərin yumorsayağı açması oldu ki, bu da tədbirə şən əhval-ruhiyyə qatdı. 
   Təqdimata Azərbaycan və Türkiyə qardaşlığını simvolizə edən rəsmin (Azərbaycan və Türkiyə bayraqlarının büründüyü iki əlin bir-birini sıxması) nümayişi ilə yekun vuruldu. Tələbələrimiz iştirakçılara Azərbaycanın ənənəvi Novruz şirniyyatlarını - şəkərbura, paxlava, qoğal, eləcə da boyanmış yumurtalar payladılar. 
   Bunun ardınca Qazaxıstan tələbələri səhnədə yer aldı. Təqdimat sırasında bəzi adətlərin, məsələn, milli toy adəti sırasında gəlin gətirmə, milli musiqi aləti ilə gəlin oxşama, milli rəqslərin səhnəcik nümayişi hər kəsin marağına səbəb oldu. 
   Qırğızıstan tələbələri son vaxtlar ölkələrinin əldə etdiyi inkişafdan, turizm nailiyyətlərindən bəhs edərkən insanların daha çox qırğız çöllərində çadırlarda dincəlməyi üstün tutduqlarını bildirdilər. Qırğız gəncləri də elçilik, toy adətlərini səhnəciklərlə göstərdilər, milli şirniyyatlarını payladılar. Qazax və qırğız tələbələrinin bu səhnəcikləri tədbirin xüsusi diqqətçəkən məqamı oldu. 
   Özbəkistan tələbələrinin təqdimatında isə tarixi şəhərlər, tarixi abidələr haqqında məlumatlar maraqla qarşılandı. 
   Qeyd edək ki, fevralın 3-də yekunlaşacaq “Ölkə tanıtımı” günləri bir sıra Afrika, Balkan və Yaxın Şərq ölkələrini də əhatə edir.
   
   Mehparə Sultanova
   Ankara