Elçin Axundov: “Elə film qəhrəmanları tapmalıyıq ki, bizi dünya ekranlarında tanıtsın”
Azərbaycanda ildə iki cizgi filmi çəkilir. Bu filmlər Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azanfilm” studiyasında istehsal olunur. Bu sahədə müəyyən problemlər olsa da, studiyanın yaradıcı kollektivi gələcəyə böyük ümidlərlə baxır. Mədəniyyət və Turizm Nazirliyinin uşaqlar üçün yüksək səviyyəli cizgi filmlərinin çəkilməsi, kinodramaturgiyanın bu növünə yeni qüvvələr cəlb edilməsi məqsədilə elan etdiyi ssenari müsabiqəsi də irəliyə nikbin baxmağa əsas verir. Xatırladaq ki, oktyabrın 1-də start verilən müsabiqəyə əsərlərin qəbulu dekabrın 15-də başa çatacaq.
“Azanfilm” studiyasının direktoru Elçin Axundovla animasiya filmlərinin istehsalı ilə bağlı bir sıra məqamlara toxunduq.
Dünya ekranına çıxmaq üçün tammetrajlı animasiya filmləri çəkilməlidir
2000-ci ildən bu yana “Azanfilm” studiyasında ümumilikdə 13 qısametrajlı animasiya filmi istehsal olunub ki, onlardan da 4-ü son iki ilin payına düşür. Bunlar 2009-cu ildə çəkilmiş “Cəsur təyyarə” (rejissor Aleksandra Şirinova, ssenari müəllifi Gülşən Tofiqqızı) və “Ayının yuxusu” (rejissor və ssenari müəllifi Firəngiz Qurbanova) filmləri, habelə bu il ərsəyə gələn “Tırtılın arzusu” (rejissor Firəngiz Quliyeva, ssenari müəllifi Gülşən Tofiqqızı) və “İt sərgisi” (rejissor və rəssam Arif Məhərrəmov) filmləridir. Qalan 9 ekran işi isə bunlardır: “Torpaq” (2000, rejissor və ssenari müəllifi Rufiz İsmayılov), “Çalalar” (2001, rejissor və ssenari müəllifi Tahir Piriyev), “Cavanşir” (2002, rejissor və ssenari müəllifi Elçin Axundov), “Basat və Təpəgöz” (2003, rejissor və ssenari müəllifi Arif Məhərrəmov), “Qızıl” (2004, rejissor Elçin Axundov, ssenari müəllifi Yusif Şeyxov), “Qarğa balası və özgə yuvası” (2005, rejissor Rauf Dadaşov, ssenari müəllifi Sara Nəzirova), “Ayna” (2006, rejissor Firəngiz Quliyeva, ssenari müəllifi Zahid Xəlil), “Mərhəmətin dadı” (2007, rejissor və ssenari müəllifi Cavid Əhədov) və “Siçan və pişik” (2008, rejissor Rauf Dadaşov, ssenari müəllifi Sara Nəzirova).
Bu gün dünyada animasiya filmlərinin qabaqcıl istehsalçıları olan “Disneylend”, “Uorner Brazers” kimi böyük studiyalar fəaliyyət göstərir. Bundan əlavə Avropada, Yaponiya, Cənubi Koreya, Çin, Misir, Türkiyə, İran və digər ölkələrdə peşəkar studiyalar mövcuddur. Dünyada animasiya filmləri bazarını demək olar ki, bütünlüklə bu kinostudiyalar təmin edirlər.
Bununla belə, “Azanfilm”in direktoru Elçin Axundov bir mütəxəssis kimi Qərbin bəzi animasiya istehsalçılarında ümumi ideya, dramaturgiyanın çox zəif olduğunu deyir: “Qərbin bəzi animasiyaları bizimkilərdən demək olar ki, qat-qat aşağı səviyyədədir. Sadəcə, sxem üzərində qurulmuş dinamik effektlər tamaşaçını aldadır”.
Belə məqamda ortaya sual çıxır. Bəs nə üçün televiziyalarımız balacalara yerli animasiya filmlərini göstərmirlər? Studiyanın direktoru bildirir ki, telekanallara tammetrajlı filmlər göstərmək sərf edir: “Bunun səbəbini televiziyalarda axtarmaq lazımdır. Biz bu filmlərimizi televiziyalara təqdim etməyə həmişə hazırıq. Amma onlar bizim filmləri demək olar göstərmirlər. Xarici animasiya filmlərini nümayiş etdirirlər. Uşaqlar da televiziyada nə nümayiş olunursa, ona da maraq göstərirlər. Bizim animasiya filmlərimiz isə folklorumuza, nağıllarımıza əsaslanır. Bir tərəfdən, telekanallara ucuz qiymətə tammetrajlı xarici animasiya filmlərini alıb göstərmək daha sərfəlidir və onlar bizim 10-12 dəqiqəlik filmlərə pul xərcləmək istəmirlər. Bizdə isə tammetrajlı animasiya filmlər çəkmək hələ problemdir”.
Bəs problem nədədir? E.Axundovun sözlərinə görə, bu problemin peşəkar kadr qıtlığı ilə bağlı tərəfi var: “Bizdə bu sahədə peşəkar gənc kadrlar azdır. Animasiya filmləri bədii filmlər kimi böyük məbləğ tələb etmir. Məsələn, bir neçə yüz min manata yüksək keyfiyyətli tammetrajlı animasiya filmi çəkmək olar. Elə şərait yaratmaq lazımdır ki, bizim animasiya məhsullarını dünya bazarlarında alsınlar. Elə animasiya filmi qəhrəmanı tapmalıyıq ki, bizi dünya ekranlarında tanıtsın”.
Animasiya sahəsi üzrə kursların təşkili vacibdir
E.Axundov bu sahənin inkişafına xidmət edən “Animator” kurslarının bərpası layihəsini Mədəniyyət və Turizim Nazirliyinə təqdim etdiyini deyir. Onun sözlərinə görə, bu kursların fəaliyyəti yaxın gələcəkdə milli animasiya filmlərinin istehsalında öz müsbət təsirini göstərəcək.
Mütəxəssis qeyd edir ki, animasiya filmləri böyük zəhmət və əmək tələb edən yaradıcılıq işidir: “10 dəqiqəlik film üçün qaralama şəkillər də daxil olmaqla, 55 min şəkil çəkilməlidir. Rəssam-animator tərəfindən çəkilən şəkillər aktyor kimi rol oynamalıdır. Hər rəssam bunun öhdəsindən gələ bilmir. Qeyd edim ki, dünyada plastik animasiyanı bilən peşəkar animatorlar sayca azdır. İşıq altında saatlarla obraz yaratmaq o qədər də asan deyil. İndi belə bir kursları yaratmaq vaxtı çatıb. Hesab edirəm ki, dünya təcrübəsini izləməklə öz potensialımızı ortaya qoymalıyıq. Mövzulara gəlincə, müdriklik, ağıl nümayiş etdirmək, bir sözlə, balacaları düzgün yola istiqamətləndirmək üçün maraqlı mövzular tapılmalıdır”.
Deməli, hazırda Azərbaycanda animator çatışmazlığı var. Bəs bu sahədə yaxın gələcəyə ümidlər necədir? E.Axundov qeyd edir ki, hətta keçmiş sovet dövründə də heç bir institutda animator hazırlayan xüsusi bir fakültə olmayıb: “O dövrdə yalnız animasiya üzrə quruluşçu rəssam və animasiya rejissoru fakültələri vardı. “Soyuzmultfilm”də hər beş ildən bir 2 illik ali animator-rəssam kursları açırdılar. Kurslara qəbul olunan 30-35 nəfərin içərisindən 2-3 animator çıxdıqda bu böyük göstərici hesab olunurdu. Yerdə qalanları texniki vəzifələrdə - rejissor assistenti, cizgiçi rəssam, fazaçı rəssam kimi işləyirdi. Həmin kurslarla “Soyuzmultfilm” öz kadrlarını yeniləyirdi. Azərbaycandan da Rauf Dadaşov, Vahid Talıbov, Vaqif Məmmədov həmin kursların məzunları olub. Firəngiz Quliyeva isə bu kursu Tbilisidə keçib. Animatorların hamısı Moskva, Kiyev, Tbilisi kurslarından gələnlərdi. Animator hazırlamaq məqsədi ilə 1988-ci ildə Bakıda kurs açmışdım. Həmin kursu bitirənlərdən Aleksandra Şirinova indi rejissorluq edir. 90-cı illərin böhranı 20-dən çox animatorumuzun xarici ölkələrə getməsinə səbəb oldu. Fikirləşirdim ki, 2 illik kurslardan sonra biz tammetrajlı filmlər çəkəcəyik. Amma onlar Avropaya üz tutdular. Onlardan biri indi ABŞ-da “Disney” studiyasında çalışır. İkincisi İsraildə öz studiyasını açıb. Ankarada, İstanbulda, Varşavada işləyənlər var. İndi “Azanfilmdə” 15-20 nəfərdən ibarət bir kollektiv var. Buraya texniki işçilər də daxildir. Mütləq yeni kadrlar hazırlanmalıdır”.
...proqramlar lisenziyalaşdırılmalıdır
Söhbət əsnasında E.Axundov başqa bir problemə də toxundu. Yeni, dünya bazarına çıxa biləcək animasiya filmlərinin çəkilməsi üçün xüsusi kompyuter proqramlarının lisenziyasını da əldə etmək lazımdır. Üstəlik bizdə belə proqramları bilən kadrlar da azdır: “Qərb ölkələrində bu proqramların qiymətləri çox bahadır. Bizdə həmin proqramları pirat yolu ilə əldə edirlər. Mənim iki-üç lisenziyalı proqramım var. Planımızda birini də almaq durur. Lisenziya mütləq lazımdır, bu qanuni mədəniyyətdir. Digər tərəfdən də çəkdiyin filmlə dünya bazarına çıxdıqda, istifadə etdiyin proqramın lisenziyası olmasa, proqramın sahibi elə bir qiymət qoyacaq ki, filmi üç dəfə də satsan, heç nə qazana bilməzsən. Xarici bazara çıxmaq üçün mütləq işlədiyimiz proqramları lisenziyalaşdırmalıyıq. Elə proqramlar var ki, qiyməti 300 min dollardır. Adicə “Fotoşop” proqramının lisenziya qiyməti 750 dollardır. Yeni proqramlarla işləyən kadrların olması daha vacibdir. Hər adam proqramlarla işləyə bilmir. İşləyən şəxs də rəssamlığı bilməlidir. Məlumdur ki, animasiya filmlərinin kökündə rəssamlıq dayanır. Diqqət yetirirsinizsə, indiyəcən heç bir robot biomexaniki hərəkəti etsə də, insanın hissiyyatını əvəz edə bilmir. Animasiyanın əsas məğzi canlandırmaqdır”.
Artıq dünyada animasiya filmlərinin infrastrukturu yaradılıb. Prodüserlər gələn ilin bazarını, hansı mövzularda film çəkilməli olduğunu müəyyənləşdirir. E.Axundov vurğulayır ki, prodüserin mütləq informasiya bankı olmalıdır: “Animasiyada siçan-pişik olması mütləq deyil. Məsələ ondadır ki, 10-15 dəqiqəlik filmlərdə aydın məzmun və məna olmalıdır. Kiçik həcmə böyük məna yerləşdirmək lazımdır. İlə iki ssenari çox azdır. Amma bu o demək deyil ki, Mədəniyyət və Turizm Nazirliyi daha çox film çəkilməsi üçün maliyyə ayırmır. Məsələ ondadır ki, biz özümüz də bundan artıq götürə bilmirik. Dediyim kimi, bizdə animasiya sahəsində kadr az olduğundan hələlik ildə yalnız iki filmlə kifayətlənməli oluruq”.
İntiqam Hacılı