Qara Qarayevin anadan olmasından 99 il ötür
   
    Azərbaycanın görkəmli bəstəkarı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatı Qara Qarayevin anadan olmasından 99 il ötür.
   Fevralın 5-də Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, respublikamızın mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri Fəxri xiyabana gələrək Qara Qarayevin xatirəsini hörmətlə yad etdilər, məzarı üzərinə gül dəstələri qoydular.
   Qeyd edək ki, görkəmli bəstəkar Qara Qarayev 1918-ci il fevralın 5-də Bakıda dünyaya gəlib. Azərbaycan və dünya musiqi mədəniyyətinə böyük töhfələr vermiş bəstəkar milli və bəşəri xarakterli yaradıcılığı ilə gələcəyə yeni yollar açan novator sənətkar kimi tanınıb. Onun hər bir əsərinin premyerası Azərbaycan musiqi tarixində xüsusi hadisəyə, sənət bayramına çevrilib. Dünya şöhrətli bəstəkarın əsərləri keçmiş SSRİ respublikalarında, ABŞ-da, Polşada, Misirdə, İspaniyada, İtaliyada, Fransada, Yaponiyada, Almaniyada keçirilən möhtəşəm musiqi tədbirlərində müvəffəqiyyətlə səsləndirilib.
   Onun Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından bəhrələnərək yaratdığı “Yeddi gözəl” və Cənubi Afrika yazıçısı Piter Abrahamsın romanı əsasında yazdığı “İldırımlı yollarla” baletləri dünyanın bir sıra ölkələrində uğurla göstərilib. Bəstəkarın “Birinci simfoniya”sı Azərbaycanın ilk simfoniyaları arasında mühüm yer tutur. “Don Kixot” simfonik qravürləri, “Leyli və Məcnun” (Nizami Gəncəvinin poeması əsasında), “Vyetnam süitası” əsərləri Qara Qarayev yaradıcılığının dəyərli səhifələridir. O, “Uzaq sahillərdə”, “Onun böyük ürəyi”, “Bir məhəllədən iki nəfər”, “İnsan məskən salır”, “Nizami” və s. filmlərə, teatr tamaşalarına musiqi yazıb. 
   Bəstəkar “Vətən” operasının (Cövdət Hacıyev ilə birlikdə) və fransız yazıçısı Anri Barbüsün əsəri əsasında “Zəriflik” monooperasının müəllifidir. 24 prelüd silsiləsi, skripka və fortepiano üçün sonata, simli kvartetlər bəstəkarın yaradıcılıq üslubunun təzahürü kimi qiymətləndirilir. Bəstəkarın A.Puşkinin şeirləri əsasında yaratdığı “Mən sizi sevirdim” və “Gürcüstan təpələrində” romansları, eləcə də “Könül mahnısı”, “Səadət mahnısı” kantataları musiqi sənətinin gözəl nümunələridir.
   Qara Qarayev 1982-ci il mayın 13-də dünyasını dəyişib, Bakıda Fəxri xiyabanda dəfn olunub.
   
   F.Hüseynov