Hamlet Xanızadənin anım tədbiri keçirildi
Fevralın 3-də Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru Hamlet Xanızadənin 75 illik yubileyi ilə bağlı anım tədbiri keçirildi. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Dövlət Teatr Muzeyi ilə birgə təşkil edilən tədbirin iştirakçıları əvvəlcə sənətkarın yaradıcılığından bəhs edən fotosərgi ilə tanış oldular.
Tədbiri Milli Dram Teatrının direktoru, Xalq artisti Azərpaşa Nemət açaraq görkəmli aktyorun Azərbaycan kinosu və teatrının inkişafında xidmətlərindən danışdı. Bildirdi ki, bu gözəl sənətkarla işləmək mənə də nəsib olub və bundan böyük zövq almışam. Yaradıcı prosesdən başlayan dostluğumuz həyatda da davam edib: “Hamlet Xanızadənin ən böyük uğurlarından biri “İblis” tamaşası idi. O, İblis obrazını xüsusi məharətlə yaradıb. Xəyyam rolu da çox çətin və ağır bir rol idi. Bütün çətin rolları həmişə ona verərdilər. Bilirdilər ki, öhdəsindən gələcək”.
A.Nemət görkəmli sənətkarla bağlı bir xatirə də danışdı. Qeyd etdi ki, bir gün bacımı xəstəxanaya aparmışdım. Həmin vaxt H.Xanızadə avtomobil qəzası keçirmişdi, xəstəxanada yatırdı: “Bizi görüb dərhal həkimləri çağırdı, bizə dəstək oldu. Baxmayaraq ki, özü ağır əməliyyat keçirmişdi. Mən onun insan obrazı qarşısında baş əyirəm”.
Tədbirin aparıcısı Əməkdar artist Sabir Məmmədov çıxışında H.Xanızadənin həyat və yaradıcılıq yolundan danışdı. Qeyd etdi ki, o, tələbə ikən Akademik Dram Teatrına dəvət edilib. Yaratdığı obrazlar milli teatrın həyatında hadisəyə çevrilib. 1982-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb, 1984-cü ildə Dövlət mükafatı laureatı olub. Teatr tamaşaları ilə yanaşı “Axırıncı aşırım”, “Arxadan vurulan zərbə”, “Qızıl uçurum”, “Babək”, “Qətl günü” və s. filmlərdə unudulmaz obrazlar yaradıb. 3 fevral 1990-cı ildə, 49 yaşında vəfat edib.
Xalq artisti Firəngiz Mütəllimova qeyd etdi ki, Hamlet Xanızadə deyəndə gözümün qabağına ağ və qara rənglər gəlir: “O, bu rəngləri çox sevirdi. Çox vaxt ya ağ, ya da qara rəngdə köynək geyərdi. Onun “İblis” tamaşasındakı monoloqunu unuda bilmirəm. Hələ də qulaqlarımda səslənir. Xoşbəxtəm ki, səhnədə belə bir aktyorla tərəf-müqabil olmuşam”.
Xalq şairi Nəriman Həsənzadə bildirdi ki, H.Xanızadə oynadığı rolları daxilən yaşayırdı: “Topal Teymur obrazında elə yeriyirdi ki, fikirləşirdin, doğrudanmı bunun ayağının biri gödəkdir. Belə istedadlı adamlar hər zaman doğulmur”.
Xalq artisti Rafiq Əzimov sənətkarın həyatdan vaxtsız getdiyini dedi: “20 Yanvar hadisələrindən sonra çox sarsılmışdı. Emosional, xalqını sevən, əsl kişi xarakterinə sahib olan bir insanın ürəyi bu faciələrə dözmədi”.
Tədbirdə daha sonra xalq artistləri Ramiz Məlik, Ramiz Həsənoğlu aktyorla bağlı xatirələrini bölüşdülər, H.Xanızadənin oynadığı tamaşalardan parçalar nümayiş olundu. Müğənni Aygün Bəylər “Tut ağacı” mahnısını ifa etdi.
Sonda aktyorun qızı Aygün Xanızadə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi.
Savalan Fərəcov