Gərək ki, şair belə deyib: “Hamı günahkardı dünyada, amma dünyada kimsənin günahı yoxdu...”.
Hələ bu şeir məşhurlaşmamışdan illər öncə «Mənim günahım» yazılmışdı, səhnəyə də qoyulmuşdu. Amma «Mənim günahım» yazılmamışdan illər, əsrlər öncə də dədələr günah barədə müxtəlif fikirlər söyləmişdilər. Məsələn: «Gülərək günah işləyən ağlayaraq cəhənnəmə gedər», «Etiraf günahın yarısıdır» və s...
Gəlin, razılaşaq ki, eyni şəhərdə hansısa əsər bir teatrın repertuarında ola-ola, digər teatr o əsərə müraciət edirsə, yenilik gözləməyə dəyər.
Dövlət Musiqili Teatrında böyük dramaturqumuz İlyas Əfəndiyevin eyniadlı pyesi əsasında hazırlanmış «Mənim günahım» tamaşasının fevralın 5-də oynanılan premyerasına da bu gözlənti ilə getdik...
Bəri başdan deyək ki, məşhur lirik-psixoloji dramdan yalnız Nurcahan-Sahib-Ayqız xətti götürülərək «sevgi haqqında pritça» kimi hazırlanmış tamaşa klassik tamaşa-oyun tərzindən yorulmuş seyrçilər üçün maraqlı olacaq. Üstəlik, tamaşanın iştirakçıları da maraqlıdır: tamaşaçıları ifasına həsrət qoyan Xalq artisti Şükufə Yusupova, çəkildiyi serialın sayəsində sürətlə populyarlaşmış Əməkdar artist İlham Hüseynov, ilk dəfə özünü aktrisa kimi sınamaq şansı qazanmış balerina Cəlalə Novruzlu. Layihənin ideya müəllifi və bədii rəhbəri teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, quruluşçu rejissoru Gəncə Dövlət Dram Teatrının baş rejissoru, bu teatrda artıq üçüncü tamaşaya yozum verən İradə Gözəlovadır. Tamaşada böyük bəstəkar Qara Qarayevin musiqisindən istifadə edilib. Bəlkə də istifadə edilib demək düzgün deyil. Çünki Fəxrəddin Atayevin dirijorluq etdiyi orkestrin ifası bu tamaşada baş qəhrəman Nurcahan iradəsi ilə çalan, susan, sonda da tamaşaçını hər şeyin o qədər də pis olmadığına və təəssüf ki, günahın qələbəsinə inandıran bir iştirakçıdır.
...Pyes kifayət qədər məşhur olduğundan əsərin məzmununu danışmaq niyyətimiz yoxdur. «Mənim günahım»da bir sənətkar qadının, özü də dünyanın ən amansız səhnə sənətinə - baletə ömrünü, cavanlığını, böyük məhəbbətini vermiş, analıq səadətini qurban etmiş Nurcahanın anlayıb qəbul etdiyi ən böyük sevgi xətti tamaşanın özəyinə çevrilib. Nurcahan teatrda yeni parlayan gənc Ayqızın fonunda qocaldığını hiss edib, səhnədən küsür. Səhnədə xəyanət faciəsi yaşayaraq xəstəxanaya düşən, ilkin diaqnoza görə sənətdən uzaqlaşmalı olan Ayqız Nurcahan üçün həm də onun teatrşünas həyat yoldaşı Sahibin qəlbindəki qadın yerini tutmağa namizəddir.
Bəs Nurcahan niyə belə düşünür?
Sahib onu səhnədə görüb, balerina kimi bəyənib, sevib. Bu gün isə Nurcahan səhnədən gedir. Deməli, o, Sahibin də həyatından getməlidir! Absurd qənaətdir, deyilmi? Bizcə, hə!.. Amma ən böyük Sevginin Sənətə olduğunu qəbul edən, insanlar arasında rəğbəti, kişi-qadın münasibətini, ər-arvad sevgisini Vərdiş (!) hesab edən Nurcahan qəti əmindir ki, o, Sahiblə ayrılmalıdır. Üstəlik, böyük balerina olmaq istəyən və bu yolda hər üsula əl atmağa hazır Ayqızla Sahibin arasında nələrinsə olduğundan da şübhələnir. Ailəsini qorumağa çalışan, həyat yoldaşına sevgisinin azalmadığını deyən Sahib də öz etirafı ilə bu şübhələri doğruldur.
Deməli, hər kəs günahkardır...
Nurcahanın səhnədə daha çox qalmaq istəyi və bu istəyinə çəpər çəkəcək gənc kadrı yolundan çəkmək niyyəti Günahdır;
19 yaşlı qızın tanınmış sənətkar olması üçün bütün «bacarığını» əsirgəməyən Sahibin Ayqıza münasibəti Günahdır;
Nurcahanın uğurlarını teatrşünas ərinin adına bağlayıb, həmin yolu getmək istəyən Ayqızın da məşhurlaşmaq üçün ailə dağıtmağa hazır olması Günahdır...
Xalq artisti Şükufə Yusupovanın tamaşanın əvvəlindəki sözsüz, sonrakı səhnələrdəki sözlü ifası bu sətirlərin müəllifinə bir vaxtların dünya şöhrətli balerinası Mayya Plisetskayanın artıq sənətlə vidalaşmalı olduğu vaxtları xatırlatdı. Məşhur balerina səhnədə rəqs etmək, süzmək əvəzinə yeridiyi yaşında da sənətdən uzaqlaşmamışdı. Ona tamaşa edənlər isə balerinanın keçmiş şöhrətini alqışlayırdılar. Şükufə xanım səhnədə hətta keçmiş balerina kimi də rəqs etmir, müasir dövrün kübar xanımının ev libasını xatırladan geyimdə səhnəyə çıxır. Yəni əslində Mayya Plisetskayanın da səhnəyə vida anları ilə bağlı bildiklərim çox deyil. Sadəcə, Şükufə xanımın ustalıqla sənətkarın insanlıq faciəsini göstərdiyi ifa tərzi belə bir paralel aparmağa imkan verir.
Tale elə gətirib ki, Əməkdar artist İlham Hüseynov Gəncə teatrının səhnəsində yaratdığı çox maraqlı obrazlarla deyil, paytaxtda çəkildiyi film və seriallarla tanınıb. Aktyor Musiqili Teatrın səhnəsində Şükufə xanım kimi güclü tərəfdaşının qarşısında öz xarizmasını göstərə bildi.
Musiqili Teatrın xüsusiyyəti belədir ki, balet truppası tamaşalarda müxtəlif səpkili rəqsləri ifa etsə də, daim arxa planda qalır. Bu xüsusda balerina Cəlalə Novruzlunun bəxti gətirib. Heç bir sözü olmayan Ayqız rolunda o, klassik baletdə daha çox istifadə edilən pantomim hərəkətlərin də köməyilə öz obrazını danışdıra bildi. Qara Qarayevin baletlərindən hətta ən qısa fraqmentlərin onun ifasında təqdim edilməsi həm də teatrın baletmeysteri Yelena Ağayevanın uğurudur.
İradə Gözəlova orijinal yozumları, tamaşalara gətirdiyi yeniliklərlə maraqlı rejissordur. Sonadək tam açıq səhnə balet truppasının məşq otağına da oxşayır, dərinləşdikcə qaranlıqlaşan insan qəlbinə də. Təbii ki, divara düşən kəfgirli saat, güzgüdəki əkslərin dəyişməsi, güzgünün sınması, Sahibin Nurcahan, Ayqız ilə, öz-özülə söhbəti üçün istifadə edilən texniki effektlərin tamaşaya yamaq olmamasında quruluşçu rəssam Elnur Axundovun əməyi az deyil.
Bəs seyrçi Musiqili Teatrdakı «Mənim günahım» tamaşasından hansı ismarıcı aldı? Sənət sevginiz, karyera iddianız nə qədər böyük olsa da, içinizdəki İnsanı Sənətkara «yedirtməyin», yoxsa günaha batarsınız!..
Gülcahan Mirməmməd