Ötən həftə Bakıda keçirilən VII “Start” Tələbə və Gənclərin Beynəlxalq Film Festivalı haqqında yəqin məlumatlısınız. Festival gənc kinematoqrafçılar, kino mütəxəssisləri ilə yanaşı, Mədəniyyət və İncəsənət Universitetində kinoşünaslıq ixtisasına yiyələnən tələbələr arasında da böyük maraq doğurdu. Yeri gəlmişkən, onların bir neçəsi festivalda nümayiş olunan filmlərin iştirakçısıdır. Elə bu yazını həmin tələbə həmkarlarımın təəssüratlarını təqdim etmək üçün qələmə aldım.
   
   Cəmilə Musayeva,
   IV kurs (kinoşünas):

   - Bu festival mənim xatirəmdə çox böyük və silinməz izlər qoyub. Bu da təsadüfi deyil, çünki rol aldığım filmdə aktyor işinə görə festivalın jüri heyəti tərəfindən xüsusi mükafata layiq görüldüm. Doğrusu, mükafat mənim üçün gözlənilməz oldu və bunu eşidəndə sevincimin həddi-hüdudu yox idi. Tanınmış Amerika yazıçısı O" Henrinin “Sonuncu yarpaq” əsəri əsasında ekranlaşdırılan bu qısametrajlı filmin ssenari müəllifi universitetin IV kurs tələbəsi Sona Bayramova, rejissoru isə Nigar İmranovadır. Əslində bu Nigarın kurs işi idi. Filmdə xəstəliyi ilə heç cür barışa bilməyən və ömrünü pəncərəsindən izlədiyi ağacın son yarpağı ilə eyniləşdirən gənc Aytənin ümidlərinin tədricən tükənməsindən bəhs olunur. Aytən rolu üçün yaradıcı heyətlə demək olar ki, bir gün məşq etdik və bütün səhnələr bir dubla çəkildi. Məncə, pis alınmayıb. Təəssüf ki, film özü festivalda mükafat qazanmadı, amma mən düşünürəm ki, belə bir beynəlxalq festivalda iştirak etməsi və nümayiş olunması artıq bizim uğurumuzdur.
   
   Elvin Abdullayev,
   III kurs (kinoşünas):
   - İnsan yalnız öz qüvvəsinə inandığı vaxt istəyinə nail olur. Mənim ssenari müəllifi və rejissoru olduğum filmin belə bir beynəlxalq festivalda mükafat qazanmasını özüm üçün böyük uğur hesab edirəm. “Özgə günah” filmi cəmiyyətimizdə bu gün də aktuallığını itirməyən narkomaniya, oğurluq, əxlaqsızlıq və bu kimi problemlərdən bəhs edir. Zənnimcə, bu problemlərin kökündə valideynlərin məsuliyyətsizliyi, diqqətsizliyi durur. Çox təəssüf ki, bu cür problemlərlə real həyatımızda da tez-tez qarşılaşırıq. 47 dəqiqəlik bir filmdir və olduqca kiçik bir büdcə ilə ərsəyə gəlib. Təbii ki, bu sahədə hələ kifayət qədər təcrübəmiz yoxdur, buna görə də səhvlərimiz ola bilər. Önəmlisi odur ki, işini sevəsən və ən vacibi özünə inamlı olasan.
   
   Tural Sərkərov,
   IV kurs (kinoşünas):
   - Rol aldığım film “3T”(3 Tuz) adlanır. Filmin rejissoru və ssenari müəllifi universitetin III kurs kinorejissorluq ixtisasının tələbəsi Elmin Seyidlidir. Tam fərqli bir mövzuya müraciət etmişik. Filmdə söhbət qumar oyunundan gedir və bu oyunda əsas məsələ oyunu vaxtında tərk edə bilməkdir. Filmin festivalda nümayişi yaradıcı heyəti sözsüz ki, sevindirməyə bilməzdi. Əslində bu kimi layihələrin olması çox vacibdir, hazırda yeni işlər üzərində çalışırıq, ən azından bu, bizim kimi gənclərə yaradıcı prosesdə başlıca stimuldur. 
   Bax belə. Düşünürəm ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin, gələcəyin kinematoqrafçılarının uğurlarını hələ çox eşidəcəyik. Çünki bu gün MDB məkanında, Yaxın Şərqdə yaradıcı gənclərimiz tanınırsa, onların işləri, uğurları nümayiş olunursa, bu özü incəsənətimizin sabahı barədə nikbin düşünməyə əsasdır.
   
   Vəfa Təyyarqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar