Sağ və sol tərəflərində Azərbaycan və Türkiyənin iri bayraqları qoyulmuş qapının üzərində ilk diqqəti cəlb edən “Azercan” çay evi yazısıdır. İçəridə isə hər şey Azərbaycanı xatırladır: yerə sərilmiş kilimlər, üzərində milli buta ornamentləri əks olunmuş masaüstü örtüklər, muğam üçlüyünün təsvir edildiyi rəsmlər, çaydanlar, stəkan və nəlbəkilər - ənənəvi çay dəstgahımız da öz yerində. Masalar, oturacaqlar isə sanki Azərbaycan bayrağının rənglərinə bürünüb.
Sözügedən məkan Ankaranın Batıkənd rayonundakı Heydər Əliyev parkının mərkəzində qərar tutub. Çay evinin qurucusu isə həm də Azərbaycan Mədəniyyət Dərnəyinin rəhbəri, Xəzər Universitetinin Türkiyə nümayəndəsi Hüseyn Ayhandır. Özünün dediyinə görə, parkın həm də texniki məsələlər üzrə məsləhətçisi olub və parkda Azərbaycan Mədəniyyət Dərnəyi nəzdində çay evi qurmaq qərarına gəlib. Hazırda bu məkan həm Azərbaycan Mədəniyyət Dərnəyi, həm də “Azercan” çay evi kimi fəaliyyət göstərməkdədir.
Hüseyn bəy deyir ki, çay evində həm türk, həm də Azərbaycan çayları təklif edilir: “Çayı Azərbaycandan gətizdirir, ya da hər dəfə Bakıya səfər edərkən özüm gətirirəm. Qardaş ölkələr olsaq da, çaylarımız və çay süfrələrimiz arasında fərq var. Məsələn, Azərbaycan çayı xüsusi bir dəstgahla təqdim olunur ki, bu da çay evi müştərilərinin marağına səbəb olur”.
Söhbətin bu məqamında masaya ənənəvi Azərbaycan çay dəstgahı təqdim olunur: armudu stəkanlarda çay, üç növ mürəbbə, limon, ləbləbi, qənd, konfet. Maraqlandıqda isə bəlli olur ki, mürəbbələr də Azərbaycan ənənəvi mürəbbə reseptinə əsasən hazırlanıb: “Bakıya gedərkən kulinarlarla da tanış oldum və mürəbbələrin xüsusi reseptini aldım. Hazırda isə mürəbbələr ev şəraitində bu reseptlər əsasında hazırlanır. Türkiyədə də süfrələrə mürəbbə qoyular, amma sadəcə səhər yeməklərində. Azərbaycanda isə bu, çay dəstgahına daxil edilir. Bilirsiniz, mən istəyirəm ki, qardaş ölkəmiz adına təqdim etdiyimiz çay süfrəsi də mükəmməl olsun, yəni buraya gələn hər bir azərbaycanlı qardaş və bacımız özünü tamamilə öz vətənində hiss etsin. Yerli və əcnəbilər isə belə bir fərqli çay dəstgahı ilə tanış olsunlar. Necə deyərlər, biz burada kiçik Azərbaycan yaratmışıq”.
Maraqlı tədbirlər üçün gözəl seçim
Salonun giriş tərəfində isə kitablarla dolu rəflər diqqət çəkir. Hüseyn bəy bu kitabları da Bakıdan gətirir. Ölkəmizin tarixi, mədəniyyəti ilə bağlı olan nəşrlər çay evinə gələnlərin marağına səbəb olur. Kitabları kafedə oxuyanlarla yanaşı, kitabxanaya abunə olanlar da az deyil. Söhbət əsnasında bəlli oldu ki, gələcəkdə kitabxana daha da genişləndiriləcək: “Oxucularımızın sayı artır. Onlar Azərbaycanın tarixi, mədəniyyəti ilə maraqlanır və daha fərqli kitablar istəyirlər. Əlbəttə, bu da bizi məmnun edir. Bu dəfə Bakıya getdikdə mütləq əlavə kitablar gətirəcəyəm”.
Çay evinin qonaqlarına gəlincə, onların arasında nəinki yerli əhali, hətta əcnəbilər də var. Bunu orada olduğum müddətdə görmək qürurverici idi. Yaxınlaşdıqda isə maraqlı rəylər öyrənə bildim: “Hər zaman sevə-sevə gəldiyimiz bir məkandır. Mənzərə, mühit, xidmət çox zövqvericidir. Batıkənddə belə bir yerin ola biləcəyinə inanmazdım. Tanıdığım bütün dostlarıma tövsiyə edirəm. Buranın qurulmasında zəhmət çəkən hər kəsə və Ankaraya belə bir məkan qazandıran Azərbaycana minnətdarlığımızı bildiririk”,- deyə gənclərdən biri bildirir.
“Azercan” doğrudan da gözəl bir məkanda yerləşir. Bu park Ankaranın ən gözəl parkları sırasında yer alır. Parkın əhatə etdiyi təbii mənzərə parkda çay evinə də müxtəlif tədbirlərin keçirilməsi üçün üstünlük qazandırır. Azərbaycan adına düzənlənən proqramlarda isə çay evinin işçiləri milli geyimlərimizdə olur.
Həmsöhbətim deyir ki, “Azercan” Ankaradakı soydaşlarımızın da üz tutduqları yerdir: “Onlar buraya təkcə çay içmək üçün deyil, həm də bir vətən ab-havası hiss etmək üçün gəlirlər. İsti aylarda biz artıq xidməti həm də açıq havada göstəririk. Təbiətin qoynunda oturaraq musiqinin müşayiəti ilə çay içmək onlara zövq verir”.
Qeyd edək ki, burada Azərbaycanın milli bayramları, tarixi günlərinin qeyd olunması ilə bərabər, hüznlü hadisələr də yad edilir. Fevralın 26-da Xocalı qurbanlarının xatirəsi bir daha anılacaq. Ənənəvi olaraq Novruz bayramının keçirilməsi də planlaşdırılır.
Bir sözlə, gördüklərimdən, eşitdiklərimdən məmnun halda bu məkandan ayrılıram. Onu da qeyd edim ki, “Azercan”ın facebook səhifəsi də var ki, maraqlananlar onu izləyə bilərlər.
Mehparə Sultanova
Ankara