Musiqili Teatrda “Mənim günahım” tamaşasının növbəti nümayişi olub
   
   Fevralın 9-da Azərbaycan Dövlət Musiqili Teatrında görkəmli dramaturq, Xalq yazıçısı, Dövlət mükafatı laureatı İlyas Əfəndiyevin “Mənim günahım” pyesi və dünya şöhrətli bəstəkar, SSRİ Xalq artisti Qara Qarayevin ölməz musiqiləri əsasında hazırlanan yeni tamaşanın növbəti nümayişi olub. Tamaşanın ilk nümayişi fevralın 5-də keçirilib.
   Tamaşadan əvvəl Xalq yazıçısı Elçin jurnalistlərə bildirib ki, İlyas Əfəndiyevin “Mənim günahım” pyesi ötən əsrin 80-ci illərinin əvvəllərində yazılıb. O vaxtdan sonra bu pyes bir çox teatrlarda tamaşaya qoyulub. Amma bugünkü bu tamaşa çox fərqli olmalıdır. “Doğrusunu deyim ki, mən hələ bu tamaşanı görməmişəm. Amma bildiyim və hiss elədiyim dərəcədə çox fərqli olmalıdır. Yəni söhbət ondan gedir ki, “Mənim günahım” dramatik bir əsərdir, dram teatrları üçün yazılmış bir əsərdir. Amma onu bu gün Musiqili Teatr tamaşaya qoyur və burda bu tamaşada bütün personajlar iştirak etmir. Əsərdən iki baş qəhrəmanı seçiblər və bir balerinanı. Balerinanı ona görə seçiblər ki, baş qəhrəman özü peşəsi etibarilə balerinadır. İki baş qəhrəman, bir balerina və bir də dahi bəstəkar Qara Qarayevin musiqisi. Böyük bir maraqla baxacağam. Ona görə yox ki, İlyas Əfəndiyevin əsəridir. Yeni bir söz olduğuna görə. Ümid edirəm ki, hamımızın xoşuna gələcək. Yaxşı bir tamaşa olsa, İlyas Əfəndiyevin də, Qara Qarayevin də ruhu şad olacaq. Qara Qarayevlə İlyas Əfəndiyevin çox isti münasibətləri var idi. Onları mənəvi tellər bir-birinə bağlayırdı”, - deyə Xalq yazıçısı vurğulayıb.
   Sonra səhnə əsəri təqdim edilib.
   Layihənin ideya müəllifi və bədii rəhbəri Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, quruluşçu rejissoru Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlovadır.
   Sevgi haqqında pritça olan balet-tamaşa minimalizm üslubunda səhnələşdirilib. Səhnə əsərində Qara Qarayevin “Yeddi gözəl” baletindən və digər əbədiyaşar musiqilərindən istifadə olunması İlyas Əfəndiyevin məşhur lirik-psixoloji dramının tamaşaçılara fərqli rakursdan təqdim edilməsində xüsusi rol oynayır. Tamaşanın bədii tərtibatında müasir texniki üsullardan, çağdaş texnoloji vasitələrdən istifadə edilib.
   Əsər sənətini sevən, bütün varlığı ilə sənətə bağlı olan Nurcahan adlı bir qadının faciəsindən bəhs edir. Nurcahan balerinadır. Yaşlandıqca səhnə üçün gərəksiz olur. Amma o bunu həzm edə bilmir. Çünki hadisələr elə bir formada cərəyan edir ki, Nurcahan nəinki səhnəni, həm də sevimli əri Sahibi itirə bilər. Əslində, Sahib onu məhz səhnədə bəyənib, ilk növbədə sənətkar kimi sevib. İndi isə elə bir məqam yetişib ki, səhnədə Nurcahanı əvəzləyən Ayqız həm də Sahibin ürəyinə sahiblənməkdədir...
   Səhnə əsərində rolları Xalq artisti Şükufə Yusupova, Əməkdar artist İlham Hüseynov və balet artisti Cəlalə Novruzlu ifa edirlər.
   Tamaşanın dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysteri Yelena Ağayeva, quruluşçu rəssamı Gəncə Dövlət Dram Teatrının rəssamı Elnur Axundov, konsertmeysteri Fidan Babayevadır.