Bu il Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un ənənəvi Novruz tədbirlərinin Rumıniyanın Buxarest və Konstansa şəhərlərində keçirilməsi planlaşdırılır.
   Bununla bağlı Buxarestdə Türkiyənin Rumıniyadakı səfirliyinin təşkilatçılığı ilə Novruz təntənələrinin koordinasiya toplantısı keçirilib.
   Toplantıda TÜRKSOY baş katibinin müavini Fırat Purtaş çıxış edərək artıq bir neçə ildir quruma üzv olan ölkələr xaricində Novruz tədbirlərinin təşkil olunduğunu, BMT, UNESCO kimi təşkilatların mənzil-qərargahlarında gerçəkləşən bayram mərasimlərinin böyük rezonans doğurduğunu deyib.
   TÜRKSOY-un bu yöndə fəaliyyətini məmnuniyyətlə izlədiklərini bildirən Azərbaycan, Qazaxıstan, Türkiyə və Türkmənistanın Rumıniyadakı diplomatları nəzərdə tutulan tədbirlərə hər cür dəstək veriləcəyini diqqətə çatdırıblar.
   Toplantıda Türkiyə, Azərbaycan və Türkmənistanın Rumıniyadakı səfirləri Koray Ertaş, Fərid Abdinbəyov, Şöhrət Cumayev, eləcə də Qazaxıstan səfirliyinin birinci katibi, Türk İşbirliyi və Koordinasiya Agentliyinin (TİKA) Rumıniyadakı təmsilçisi və Yunus Əmrə İnstitutunun Buxarest mədəniyyət mərkəzinin rəhbəri iştirak ediblər.
   
   Mehparə