Prezident İlham Əliyev fevralın 9-da “Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 30 noyabr tarixli 2577 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb. Sənəd sözügedən sərəncamın ölkə başçısının 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli fərmanı ilə təsdiq edilmiş “ASAN Viza” sistemi haqqında Əsasnamə”yə uyğunlaşdırmaq məqsədi daşıyır.
Dəyişikliyə əsasən, “Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında” 2012-ci il 30 noyabr tarixli sərəncamında 1.2.3-cü bənddən “elektron” sözü çıxarılıb.
Dövlət başçısı fevralın 9-da “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli 923 nömrəli fərmanında da dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Yeni fərman “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” fərmanı “ASAN Viza” sistemi haqqında Əsasnamə”yə uyğunlaşdırmaq məqsədilə imzalanıb.
Bununla bağlı “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” fərmanın 2.6-cı bəndində “Vahid Miqrasiya Məlumat Sistemi” sözləri “ASAN ödəniş” sistemi” sözləri ilə əvəz edilsin.
Qeyd olunan bənd “ASAN Viza” sisteminin “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi və Vahid Miqrasiya Məlumat Sistemi ilə inteqrasiyası vasitəsilə elektron informasiya mübadiləsinin aparılmasını nəzərdə tuturdu. Dəyişikliyə əsasən, elektron informasiya mübadiləsi “ASAN ödəniş” sistemi” ilə inteqrasiya vasitəsilə aparılacaq.