İkitərəfli əməkdaşlıq məsələləri və perspektivlər müzakirə olunub
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev fevralın 8-də Mərakeş Krallığının Azərbaycandakı səfiri Mohamed Adil Embarş ilə görüşüb.
Görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə olunub. Bu sahələrdə əməkdaşlığın müvafiq hüquqi bazasının mövcudluğu ikitərəfli əlaqələrin yüksək səviyyədə olmasının göstəricisi və əməkdaşlığın genişləndirilməsinə şərait yaradan faktor kimi qiymətləndirilib.
Nazir bu ilin 5-6 may tarixində Bakıda keçiriləcək IV Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakla bağlı Mərakeş Krallığı rəsmilərinə ünvanlanmış dəvət məktublarını səfirə təqdim edib.
* * *
Mədəniyyət və turizm naziri ölkəmizdə fəaliyyətini başa vuran Yaponiya səfiri Tsuquo Takahaşi ilə də görüşüb.
Görüşdə Azərbaycan və Yaponiya arasında mədəniyyət və turizm sahələri üzrə əlaqələrin inkişaf etdiyi vurğulanıb, bu sahələrdə əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparılıb. O cümlədən turizm üzrə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti qeyd olunub.
Nazir Yaponiya səfirinin ölkəmizdə diplomatik fəaliyyəti zamanı qarşılıqlı əlaqələrdən məmnunluğunu ifadə edib. Səfir isə öz növbəsində bu müddətdə iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün əlindən gələni əsirgəmədiyini deyib.
Sonda nazir Yaponiya rəsmilərinin IV Dünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət olunması ilə bağlı məktubları səfirə təqdim edib.