“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin təşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcək
Azərbaycanda Formula-1 yarışının promouteri - “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin təşkilatçılığı ilə fevralın 15-də Bakıda “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ev sahibi ölkəyə faydaları - 2017” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Bu mövzuda konfrans MDB məkanında və regionda ilk dəfə Azərbaycanda təşkil ediləcək.
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bildirib ki, konfransa dövlət qurumlarının, biznes və xidmət sahələri ilə məşğul olan şirkətlərin təmsilçiləri, media nümayəndələri dəvət olunacaq. Tədbirə, həmçinin Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin rəsmiləri də qatılacaqlar. Abu-Dabi, Soçi və Bəhreyn Qran-prilərinin yüksək vəzifəli nümayəndələri də konfransda iştirak edəcəklər. Qonaqlar Formula-1 yarışlarının təşkilatçılığı, bu mühüm turnirin öz ölkələrinə iqtisadi və sosial faydaları barədə məlumat verəcəklər.
“Azərbaycan artıq neçə ildir irimiqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi edir. Ölkəmizdə ilk Avropa Oyunları, Formula-1 Avropa Qran-prisi, 42-ci Dünya Şahmat Olimpiadası mükəmməl şəkildə təşkil olunub. Bu il paytaxtımız IV İslam Həmrəyliyi Oyunlarını qəbul etməyə hazırlaşır. Bütün bunların ətrafında bir dialoqun qurulması maraqlı olar. Konfransda irimiqyaslı yarışların müsbət nəticələri, ortaya çıxa bilən problemlərin həlli və ölkəmizdə biznesin buna hazırlıq vəziyyəti istiqamətlərində müzakirələr aparılacaq”, - deyə o əlavə edib.
N.Arpadarai bu il iyunun 25-də keçiriləcək Formula-1 Azərbaycan Qran-prisinə marağın böyük olduğunu, yarışa artıq 40-dan çox ölkədən biletlər alındığını deyib.