Naxışlar bizi hər yanda əhatə edir, onları yalnız görmək gərəkdir
Fevralın 8-də Muzey Mərkəzinin sərgi qalereyasında gənc rəssam Milena Nəbiyevanın “Minabi - kainat naxışları” adlı ilk fərdi sərgisinin açılışı oldu. Sərgidə rəssamın müxtəlif üslublarda yaratdığı 74 əsəri sənətsevərlərə təqdim edilir.
Sərgini giriş sözüylə Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov açaraq gənc rəssam M.Nəbiyevanın əl işlərindən, onun sənətdə özünü tapmaq və təsdiq etmək istəyindən söz açdı.
Rəssam Vüqar Əli həmkarının yaradıcılığını, sənətdə özünəməxsusluğa can atmasını, onun “minabi” (ad və soyadının hecalarından götürülüb) adlı fərqli üslubda rənglər və formalar, ideyalar axtarışını yüksək dəyərləndirdi.
Mədəniyyət və Turizm Nazirliyinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov gənc rəssamın fərdi yaradıcılıq keyfiyyətlərini qiymətləndirdi, özünəməxsus üslubundan bəhs etdi.
Rəssam Nəvai Mətin həmkarına Beynəlxalq Aktivist Rəssamlar Birliyinin Azərbaycan nümayəndəliyi adından diplom təqdim etdi.
Sonda müəllif tədbir iştirakçılarının hər birinə sayğısını bildirdi, yaradıcılığının başlıca mahiyyətini açıqladı: “Naxışlar həmişə diqqətimi çəkib. Tarixlə maraqlanmağım naxışlı rəsmlərin öyrənilməsində də yardımçı olub. Xüsusilə tarixin tozu ilə örtülmüş rəsmlərdən söhbət gedir. Onların məzmununda o dərəcədə mistika, sirlər, dərin məna gizlənib ki. Həmin mistika və sirləri əsərlərə gətirmək istəmişəm”.
Sərginin açılışını bildirən lent kəsildikdən sonra tamaşaçılar əsərlərlə yaxından tanış oldular.
“Minabi - kainat naxışları” sərgisi müəllifin şəxsi təəssüratlarını təmsil edən parlaq palitradır. Bu nəinki rəsm əsərlərində, eləcə də mebeldə, qablar üzərindəki bəzək nümunələrində, parçada və aksessuarların yaradılmasında da geniş istifadə edilir. M.Nəbiyevanın əsərlərinin fərqli özəlliyi rəsmin yaradılmasına onun qeyri-standart yanaşmasından ibarətdir. Ənənəvi akril və yağlı boyalardan başqa o, Swarovski daşlarından da istifadə edir.
Rəssamın sənət yolu türk naxışlarına maraqdan yaranıb. Müəllif naxışların bizi hər yanda əhatə etdiyini göstərməyə çalışır. Onları yalnız görmək gərəkdir - gölməçədə, yarpağın kölgəsində, şüşədəki əksimizdə...
Təsvirin naxışlı şəbəkəsini tamaşaçının diqqətinə təqdim etməyə çalışan rəssam qarışıq, diqqət və səbir tələb edən kontur texnikasından çox istifadə edir. Əsərlərdən görünür ki, rəssam tünd tonları sevmir. Buna görə də, onun fırçasının məhsulu olan qadın obrazları müxtəlif rənglərdədir.
Sərgi fevralın 11-dək davam edəcək.
S.Qaliboğlu