Azərbaycan kinosunda fərdi yaradıcılıq üslubuna görə sevilən aktyorlardan biri də Həsənağa Salayev olub. Yaratdığı obrazlar qalereyasına görə onu haqlı olaraq romantik və realist aktyor məktəbinin estetik prinsiplərini yaşadan sənətkar adlandırırlar. 
      
   Həsənağa Dərya oğlu Salayev 1921-ci il dekabrın 5-də Bakıda doğulub. 1937-ci ildə orta məktəbi bitirdikdən sonra Bakı Teatr Texnikumuna daxil olub. Bir ildən sonra 1938-ci ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilib. 1941-ci ildə müharibəyə gedib. 1946-cı ildə yenidən doğma teatra qayıdıb. Həsənağa Salayev fitri istedadı, daxili intuisiyasına əsasən yaratdığı obrazların dolğunluğuna görə tezliklə teatrın rəhbərliyinin, yaradıcı kollektivin, ən əsası isə, tamaşaçıların rəğbətini qazanıb. 1959-cu ildə Əməkdar artist, 1974-cü ildə isə Xalq artisti adlarına layiq görülüb. O, 1981-ci il oktyabrın 2-də vəfat edib.
   Həsənağa Salayev də 1950-1960-cı illərdə Akademik Milli Dram Teatrının aparıcı aktyorlarından biri kimi yaratdığı obrazların xarakterik cəhətlərinin bədii təcəssümünə görə sənətsevərlərin yaddaşında dərin iz qoyub. İstedadlı aktyor demək olar ki, teatrda səhnələşdirilən tamaşalarda baş və ikinci dərəcəli rolları ifa edirdi. Bunlardan “Vaqif”də (Səməd Vurğun) Vaqif, “Sənsiz”də (Şıxəli Qurbanov) Fərhad, “Oqtay Eloğlu”da (Cəfər Cabbarlı) Oqtay, “Solğun çiçəklər”də (Cəfər Cabbarlı) Bəhram və s. obrazları qeyd etmək olar. Həsənağa Salayevin öz tamaşaçısı, öz pərəstişkarları vardı. Aktyorun şaqraq səsi, xarici görünüşü, rollarını təbii və həyati yaratmağı, səhnələşdirilən əsərlərin bədii təsir gücünü artırır, ifa məziyyətlərini dərinləşdirir. Həsənağa Salayevin kinoda yaratdığı xarakterik rolları isə bu gün də tamaşaçılar tərəfindən baxılır, sevilir.
   Aktyor 13 filmdə rol alıb. Bunlardan “Fətəli xan” (rej. Y.Dziqan), “Onu bağışlamaq olarmı?” (rej. R.Təhmasib), “İstintaq davam edir” (rej. Ə.Atakişiyev), “Görüş” (rej. T.Tağızadə) və s. adlarını çəkmək olar.
   Çox qəribədir ki, teatrda daha çox əsas rolların ifaçısı olan H.Salayevə kinoda ikinci, üçüncü planlı, hətta epizodik rollar həvalə edilib. Aktyorun filmlərdə yaratdığı rolların xarakterik cəhətlərinə, orijinal yaradıcılıq maneralarına baxdıqca onun kino yaradıcılığının azlığına həm təəccüblənir, həm də təəssüflənirsən. Ona görə ki, H.Salayev çəkildiyi bəzi filmlərdə (məsələn, “Onu bağışlamaq olarmı?” filmində Qüdrət rolu və Tərlan (Qriqori Tonuns) rolunun səsləndirilməsi) həm yaratdığı obrazla, həm də dublyaj işi ilə böyük uğur qazanıb.
   Görkəmli kinorejissor Rza Təhmasibin 1960-cı ildə çəkdiyi “Onu bağışlamaq olarmı? bədii filmində aktyora ikinci planlı rol olan kapitan Qüdrət obrazı həvalə edilir. Filmdə ictimai asayişin keşiyində duran Qüdrətin sözü az olsa da, ictimai davranışın, nizam-intizam qaydalarının formal cəhətini, ailə və məişətdə, cəmiyyətdə şəxsiyyətini ali səviyyədə təsdiqləmək prinsiplərini peşəkar aktyor lirik və psixoloji nüanslarla göstərib. Filmdə biz Qüdrəti gah vəzifə başında cinayətin izinə düşərək araşdırma aparan, gah da dostu və məsləkdaşı olan Qayanın təlatüm, səksəkə içərisində yaşayan ailəsində təmkinli, səmimi davranışlarını görürük. Dram janrında çəkilən filmin bəzi kadrlarında gənclərin (Qüdrətlə Qumrunun) məhəbbət münasibətlərinə xəfif bir eyham da var. Bu kadrlarda aktyorun orijinal maneraları, replikaları, obraza uyğun vizual görünüşü dramatik hadisələrin gərginliyinin qismən də olsa azalmasına, məişətdə və ailədə mehribançılığın, qarşılıqlı anlaşmanın həyatın ən qiymətli hadisəsi kimi tamaşaçıya təqdim edilməsinə şərait yaradır. Dram aktyorunun psixoloji təsiretmə bacarığı filmin mahiyyətini genişləndirir, tamaşaçını bir anlıq da olsa canilərin qaranlıq dünyasından, cinayət aləmindən uzaqlaşdırır, hadisələrin seyrçi yaddaşında hərtərəfli təhlil olunmasını təmin edir.
   Aktyorun kino yaradıcılığındakı psixoloji nüansları dəqiq çatdırma bacarığını biz böyük şair Səməd Vurğunun “Aygün” poeması əsasında kinorejissor Kamil Rüstəmbəyovun 1960-cı ildə çəkdiyi eyniadlı bədii-televiziya filmində də görürük.
   Əsərin televiziya filmi kimi ekranlaşdırılması nəzərdə tutulsa da, ssenarini yazan Kamil Rüstəmbəyov ona bədii film kimi quruluş verib. Bununla da Kamil Rüstəmbəyovun adı Azərbaycan kino tarixinə ilk bədii-televiziya rejissoru kimi daxil olub. Filmdə əsas rollardan birini - Əmirxan obrazını yaratmaq H.Salayevə həvalə edilib. Az sayda aktyorun yer aldığı filmdə tərəf-müqabillərinin ekran dueti tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır.
   “Aygün” bədii-televiziya filmi yeni ailə qurmuş gənclərin sosial həyat şəraitindən, qarşılıqlı münasibətlərindən bəhs edir. Filmin mövzusu bu gün də aktualdır. Çünki bu gün də ailədə gender bərabərsizliyini yaradan, evdə öz hökmranlığını bayağı şəkildə yeridən Əmirxanlar az deyil.
   Yüksək qazanc əldə etdiyinə görə özünü qüsursuz kişi sayan Əmirxan vaxtının çoxunu əyyaş dostlarına sərf edir, ali təhsilli xanımının cəmiyyət arasına çıxmasına lüzum görmür, yeganə övladı ilə maraqlanmağa vaxt tapmır. Əmirxanın ailədən uzaqlaşıb içki dostlarına yaxınlaşması onun sevgi ilə qurduğu yuvasını itirməsi ilə nəticələnir.
   Filmdə Əmirxan köhnəliyin, mövhumatçılığın, Aygün isə tərəqqipərvərliyin, yeniliyin nümunəsi kimi göstərilib. Əmirxan gec də olsa cəmiyyətin cılız şəxsiyyəti olduğunun fərqinə varır. O, karyerasına ciddi yanaşmaqla ətrafındakıların hörmətini yenidən qazandıqdan sonra ailəsinə qayıdır. Lakin buna qədər biz filmdə yetkinlik yaşına çatan qızını tək böyüdən ananın - Aygünün (Nəcibə Məlikova) məşəqqətlərini görürük. Bu gün də aktuallığını itirməyən filmin yaradıcı heyəti qarşılarına qoyduqları məqsədin, yəni Azərbaycan ailəsinin davranış etikasını, bütövlük, dağılmazlıq prinsipini maksimum səviyyədə tamaşaçılara çatdıra biliblər.
   H.Salayev yaratdığı hər bir obrazın xarakterik cəhətlərini kiçik ştrixlərinə qədər açır. O, Əmirxan rolunun tipik cəhətlərini çox kadrda mono ifası ilə göstərərək aktyorluq potensialının çoxcəhətliliyini, fərdi iş üslubunu göstərmiş oldu. Sonda həyata sağlam düşüncə ilə baxan Əmirxan yalnız müsbət xarakterlərin, sağlam psixologiyanın həmişə insanlığı dəyərləndirən əsas səbəb olduğunu göstərməklə vicdan təmizliyinin varlığını təsdiqləyir. Psixoloji dram janrında çəkilən filmdə hadisələrin ziddiyyətlərinin açılması, əsərin mənasının tamaşaçıya çatdırılması məhz Həsənağa Salayevin yaratdığı Əmirxan obrazının üzərinə düşür. Onun kino yaradıcılığında daim nəzərə çarpan obrazların dəqiq mövqelərini çatdırmaq prinsipiallığı çəkildiyi bütün filmlərdə özünü göstərib.
   Aktyorun epizodik rolları da yaddaqalan olurdu. Məsələn, “Görüş” filmində aktyorun yaratdığı Musa obrazı mülayim, səmimi keyfiyyətlərə malik olan bir personajdır. Üçüncü planlı rol olan Musanın insani keyfiyyətləri, həyatdakı dəqiq mövqeyi filmin hadisələrinin axıcılığına rəvac verir, rejissor və müəllif ideyalarını səmimi formada tamaşaçıya çatdırır. Filmin baş qəhrəmanı Kamilin cahil hərəkətlərindən sonra ekranda görünən Musa obrazı mənfiliklə-müsbətin, yalanla-doğrunun təzadlı anlayışı kimi diqqəti cəlb edir. Musa məsləyinə, sevgisinə, insanlarla münasibətində dəqiq olan bir personajdır. Onun müsbət keyfiyyətləri, əsl azərbaycanlı kişisinə məxsus xarakterik cəhətləri filmin ideyasına tamlıq gətirirdi.
   H.Salayev “Azərbaycanfilm” kinostudiyasında çəkilən bir neçə filmin səsləndirilməsində də iştirak edib. Yuxarıda qeyd etdiyimiz kimi, “Onu bağışlamaq olarmı?” filmində Tərlan (akt. Qriqori Tonuns), habelə “Onun böyük ürəyi” filmində Oqtay (akt. Salman Dadaşov), “Səhər” filmində Bayram (akt. Giuli Çoxonelidze) və s. obrazları səsləndirib. Aktyorun səsləndirdiyi rolların mənfi və ya müsbətliyindən olmasından asılı olmayaraq, o, ahəngdar səs tembri obrazların şəxsi mənini, daxili aləmini tamaşaçıya tamlıqla çatdırır, dublyaj sənətinin ən azı kinonun özü qədər ciddi bir sənət növü olduğunu göstərir.
   Mətbuatda Həsənağa Salayevin həyatda müsbət xarakterli insan olması, dostlarının dar günündə köməyinə çatması haqqında yazılara rast gəlirik. Deməli, onun teatr və kinoda oynadığı, milyonlarla tamaşaçıya sevdirdiyi obrazların fərdi xüsusiyyətləri aktyorun müsbət xarakterik cəhətlərindən qaynaqlanırmış. Unudulmaz sənətkar Həsənağa Salayevin adı çəkiləndə istər-istəməz onun yaratdığı rollar göz önündə canlanır. Bu isə əsl sənət zirvəsi, sənətdə ölməzlik deməkdir.
   
   Şəhla Bürcəliyeva,
   kinoşünas







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar