Fevralın 9-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) miniatürçü rəssam Fəxrəddin Əlinin “Azərbaycan muğamı miniatürlərdə” kitabının təqdimatı keçirildi. Tədbir kitabxananın “Bir kitabın izi ilə” layihəsi çərçivəsində gerçəkləşdi.
Kitabxananın Xidmət şöbəsinin müdiri Aygün Səfərova çıxış edərək nəşr haqqında məlumat verdi. Bildirildi ki, kitabın ilk səhifəsində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycan muğamı haqqında səsləndirdiyi fikirlər yer alıb.
Nəşrdə vurğulanır ki, muğamlar orijinal mahiyyətinə və öz musiqi xarakterinə görə bir-birindən fərqlənir. “Rast” - dinləyicidə mərdlik və gümrahlıq hissi, “Şur” - şən, lirik əhval-ruhiyyə, “Segah” - məhəbbət hissi, “Şüştər” - dərin kədər, “Çahargah” - həyəcan və qalibiyyət, “Bayatı-Şiraz” - qəmginlik, “Humayun” - dərin kədər hissi oyadır. Təqdim edilən miniatürlərdə də muğamların yaratdığı hiss və həyəcanı görmək mümkündür. O da qeyd olundu ki, 2015-ci ildə işıq üzü görən nəşr kitabxananın nadir kitablar fonduna daxil edilib.
Müəllif Fəxrəddin Əli çıxış edərək kitabın ərsəyə gəlməsində köməyi olan hər kəsə təşəkkürünü ifadə etdi. Bildirdi ki, kitab AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəyi ilə çap olunub.
Rəssam qeyd etdi ki, “Azərbaycan muğamı miniatürlərdə” bu silsilədən ilk kitab deyil. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Əlağa Vahid, Nəsimi və Füzulinin qəzəllərinə həsr olunan nəşrlər işıq üzü görüb. Hazırda o, Nizaminin əsərlərinə həsr edilən miniatürlər üzərində çalışır.
AMEA-nın Memarlıq və İncəsənət İnstitutu Muğam şöbəsinin müdiri, sənətşünaslıq doktoru Sevil Fərhadova, professor Rafiq İmrani, Azərbaycan Rəssamlıq Akademiyasının prorektoru Azad Zeynalov və Əməkdar artist, xanəndə Teyyub Aslanov kitabın əhəmiyyətindən söz açdılar. Bildirildi ki, kitabda muğamlar haqqında məlumatların yer alması və onların miniatür təsvirinin verilməsi gələcək nəsillərə dəyərli ərməğandır.
Təqdimat mərasimi gənc xanəndələrin ifası ilə davam etdi.
Lalə Azəri