Fevralın 8-də 2 saylı Bakı “ASAN xidmət” mərkəzində “Könüllülər hərəkatı fotoqrafların gözü ilə” adlı 
   I ümumrespublika fotosərgisi açılıb. Sərgi “ASAN könüllüləri” Təşkilatı və Azərbaycan Fotoqraflar Birliyinin (AFB) təşkilatçılığı, AZƏRTAC-ın informasiya dəstəyi ilə baş tutub.
   Layihənin məqsədi könüllü hərəkatının təbliğinə dəstək vermək, Azərbaycanda mövcud olan könüllülük ənənələrini fotoqrafların obyektivindən ictimaiyyətə təqdim etdirməkdir.
   Sərgi çərçivəsində Nadir Adilov və Elvin Paşayevin həmmüəllifliyi ilə hazırlanan “Könüllülük: Uğurun formulu” kitabının imza günü təşkil olunub. Könüllülük fəaliyyəti barədə şəxsi inkişafa dəstəkdən bəhs edən kitab Azərbaycan Turizm və Menecment Universitetinin elmi şurasının qərarı ilə çapa tövsiyə edilib. Kitabın satışından əldə edilən gəlir könüllülər tərəfindən yaradılan və idarə edilən www.asanmektub.az internet portalına məktub yazan aztəminatlı ailələrin övladlarının arzularının reallaşdırılmasına yönəldiləcək.
   Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) sədr müavini Ülvi Mehdiyev çıxış edərək könüllülük fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, ölkəmizdə könüllülük hərəkatı “ASAN xidmət”in yaradılması ilə bir dövrə təsadüf edir. Qısa müddətdən sonra könüllülər özlərinin ictimai birliyini yaratdılar. Birlik bu gün 10 mindən çox gənci əhatə edir. Onlar “ASAN xidmət” çərçivəsindən kənara çıxaraq 200-dək yerli və beynəlxalq layihələr həyata keçiriblər.
   Tədbirdə Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, Azərbaycan Turizm və Menecment Universitetinin rektor əvəzi Eldar Aslanov, Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu və “ASAN könüllüləri” təşkilatının sədri Bəxtiyar İslamov çıxış edərək könüllülük hərəkatının hər bir istiqaməti əhatə etdiyini, gənclərin bu fəaliyyətə çox böyük maraq göstərdiklərini söyləyiblər.
   Sərgidə iştirak etmiş fotoqraflara “ASAN könüllüləri”nin və Azərbaycan Fotoqraflar Birliyi tərəfindən sertifikatlar təqdim edilib. Bir ay davam edəcək fotosərgidə 15 fotoqrafın 34 fotoşəkli nümayiş olunur. Ekspozisiyada “Eurovision-2012”, “Bakı-2015” I Avropa Oyunları, ötən il keçirilən Formula 1 və s. beynəlxalq tədbirlərdə könüllülərin çəkdikləri fotolar da sərgilənir.