Və yaxud iki nəfərə bir yubiley, dörd nəfər üçün bir tamaşa
Fevralın 8-də ötən ildən bəri teatr ictimaiyyətinin gözlədiyi hadisə baş tutdu. Ömrünü Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına həsr etmiş iki aktyorun - xalq artistləri, Prezident təqaüdçüləri Ağaxan Salmanlı ilə Yasin Qarayevin birlikdə 145 (75+70) illik yubileyi münasibətilə hazırlanmış tamaşa ilk dəfə göstərildi. Yubilyarların şərəfinə Əhməd Orucoğlunun «Açarını itirənlər» komediyası əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru da Ağaxan müəllim özü idi.
Əgər tamaşa həm premyera, həm də yubilyarın şərəfinə hazırlanıbsa, deməli, onu bayram tədbiri kimi təqdim etmək lazımdır. Mədəniyyət və Turizm Nazirliyi əməkdaşlarının, Azərbaycan Teatr Xadimləri İttifaqı nümayəndələrinin, millət vəkillərinin, tanınmış sənət adamlarının və ziyalıların həmin axşam Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının salonunda olması da bu bayram ovqatından xəbər verirdi.
Nəhayət, işıq düşərkən ulduz kimi bərq vuran pərdənin önündə teatrın gənc və sevilən aktyorları Günel Məmmədova və Elnur Kərimov göründülər. Onlar yubilyarların sənətə həsr edilmiş ömürlərini faktlarla vərəqlədilər, kollektivin öz ağsaqqallarına təbriklərini çatdırdılar.
Sonra təbrik üçün səhnəyə çıxan akademik, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov yubilyarları hələ ötən əsrin yetmişinci illərindən, tələbə ikən Azərbaycan Televiziyasının “Gənclik” redaksiyasında birgə çalışdıqları zamandan tanıdığını, onların yaradıcılığını daim izlədiyini söylədi. Millət vəkili aktyorların birgə yaşının 145 il, sənət fəaliyyətini isə 90 il etməsinin rəmzi məna daşıdığını vurğuladı. Belə ki, hər iki aktyorun çalışdığı Gənc Tamaşaçılar Teatrının yaranmasından 90 il ötür, qarşıda isə bizi Azərbaycan peşəkar teatrının 145 illiyi gözləyir. Rəqəmlər arasında maraqlı paralellər aparan Rafael Hüseynov bu böyük rəqəmlərə baxmayaraq, hər iki aktyorun hələ də əsas tamaşaçı auditoriyası sayılan gənclər qədər şux, enerjili və sənət həvəsli olduğunu söyləyib onlara bundan sonra da sənət uğurları arzuladı.
Professor, tanınmış teatrşünas İlham Rəhimli isə hər iki sənətkarın yaradıcılıq, rol üzərində işləmək üsullarından danışdı, onları hələ uzun illər səhnədə görmək istəyini dilə gətirdi.
… Nəhayət, pərdə açıldı. Qonşu olan iki cütlüyün - Məsiqulu ilə Gülərin (Əməkdar artist Almaz Mustafayeva), Zülfulla ilə Gülməxmərin (Zemfira Əbdülsəmədova) macəraları yazıçı-dramaturq Əhməd Orucoğluna xas şirin, inciksiz bir yumorla təqdim olundu. Təbii ki, aktyorlara həsr olunmuş mahnıda deyildiyi kimi, «cilddən-cildə» düşməyi bacaran təcrübəli sənətkarlar da müəllif mətnindəki yumora öz ifaları ilə bir qədər də duz qatdılar. Ömrün orta çağını da əsl gənclik sevgisi ilə keçirən, didişə-didişə, həm də bu didişmədən zövq alaraq yaşayan Məsiqulu ilə Gülər gecə toydan qayıdarkən mənzilin açarını itirdiklərini zənn etdikləri (çünki sonda üç gün əvvəl itmiş ofisin açarı Məsiqulunun pencəyinin cibindən, mənzilin açarı isə Gülərin çantasından çıxır) üçün səhəri həyətdə açmağa məcburdurlar. Bu anda isə onların üst mərtəbədəki qonşusu adının dünyada unikal insan kimi “Ginnesin rekordlar kitabı”na düşməsinin sevincini yaşayır. Belə ki, saçı tökülmüş Zülfulla xaricdə başına tük əkdirərkən həkimlər səhvən onun başına insan saçı əvəzinə pişik tükü əkirlər. O zamandan bəri də kişinin başını sığallayan kimi o, pişik kimi miyoldayır. Beləliklə də, dünyada pişik kimi miyoldayan ilk insan kimi “Ginnesin rekordlar kitabı”na düşməyə namizəddir, gecə kanalının onunla canlı telebağlantısı isə kişini lap məşhur edir. İşə bax ki, bu əhvalat onun sevimli həyat yoldaşı ilə tanışlığının 10 ilinin tamam olduğu gündə baş verir! Bu yerdəcə qəhrəmanlar xatirəyə dalır, bu tanışlığın necə başladığına tamaşaçılar da şahid olur. Üstəlik, divardakı ekran Zülfulla ilə Gülməxmərin toy duetini də hamıya göstərir.
Belə şirin və eşq dolu ortamda Gülərgilin mənzilində açıq qalmış su kranından axan su Zülfullagilin tavanından dammağa başlayır...
Əhməd Orucoğlunun digər komediyaları kimi bu pyesində də qəhrəmanların dilində kifayət qədər ikibaşlı, bəlkə də naşı dilində açıq-saçıq, ayıb səslənəcək ifadələr var. Amma bu tamaşanı peşəkarlar təqdim edir deyə, tamaşaçı belə ifadələri elə müəllifin nəzərdə tutduğu şirin zarafat kimi də həzm edir. Bununla belə, həyatımızı acı gülüşə bürüyən qayğılarımız da müəllifin dilindən salona ötürülür. Məsələn, Məsiqulunun «Həftədə səkkiz dəfə toya gedərlər? 47 yaş nə zamandan yubiley sayılıb? Bir azdan korbağırsağını kəsdirən də məclis quracaq» kimi etirazları, gecə vaxtı atışma səsindən qorxaraq polisə zəng vurarkən eşitdiyi «xəbərimiz var, atışma bitsin, gələcəyik» cavabı salonda həmdərdlik gülüşü doğururdusa, Zülfullanın evdən çıxarkən suyu açıq qoyan qonşuların şəkillərini fotoşopda eybəcər hala salaraq feysbukda yaymaqla onlardan acıq çıxmaq cəhdi, canlı telebağlantıdan sonra dərhal «layklarıma baxım» deməsi günümüzün səhnədən səslənən zarafatı idi.
Ümidvarıq ki, yubiley münasibətilə hazırlanmış «Açarını itirənlər» teatrın repertuarında möhkəmlənəcək. Əminəm ki, yazını oxumağa hövsələsi çatmış oxucunun da bizə iki sualı var: 1. Açar tapıldımı? 2. Bəs bu tamaşa nə barədədir?
Bəli, açar tapıldı. O ki qaldı tamaşanın nə barədə olmasına, bunu deyə bilərik ki, «Açarını itirənlər» günümüzün bir şəklidir: təxminən 20 il öncə utanc sayıla biləcək nəsnə ilə forslanmaq, şöhrət qazanmaq, yenə də ötən əyyamlardan fərqli olaraq, 50, 60 nədir, hətta 70, 75 yaşın da heç qocalıq əlaməti sayılmadığına, sevginin yaşının olmadığına sübutdur. Hansı sevginin? Elə bütün sevgilərin! Ən əsası da sənət sevgisinin!
Gülcahan Mirməmməd