Gədəbəy Aşıq Məktəbində “Ustadla görüş” silsiləsindən növbəti tədbirin qonağı tanınmış el sənətkarı aşıq Sədaqət Gədəbəyli (Rəsulov) olub.
Görüşdə ustad aşıq xatirələrini dilə gətirib, sənətin sirlərini öyrəndiyi azman sənətkarlardan söz açıb. O, Azərbaycan aşıq sənətinə göstərilən dövlət dəstəyindən danışıb, bu sənətin indən belə çox-çox yüksəklərə qalxacağını, bu istiqamətdə gənclərin üzərinə böyük vəzifələr düşdüyünü söyləyib.
Tədbirdə çıxış edənlər bildirib ki, ötən əsrin 70-90-cı illərində Azərbaycanda, eləcə də keçmiş SSRİ-nin müxtəlif respublikalarında təşkil edilmiş konsertlərdə, yaradıcılıq müsabiqələrində fəal iştirak edən aşığın bir neçə valı da hazırlanıb.
Görüşdə aşıq Sədaqət Gədəbəyli unudulmaqda olan el havacatlarını, vaxtilə səsləndirdiyi və o dövrdə populyar olmuş aşıq havalarını ifa edib, sənətin incəlikləri haqqında gənclərə tövsiyələrini verib.