Onun rəngkarlıq əsərləri də xalçanı xatırladır
Tanınmış xalçaçı rəssam Eldar Hacıyevin əsərləri başqalarından öz orijinallığı, toxunma texnikası ilə seçilir. Bu fərqin başlıca səbəbi onun xalçalarının ipəkdən toxunmasıdır. O, 1962-ci ildə Bakı şəhərində anadan olub. 1979-1984-cü illərdə indiki Mədəniyyət və İncəsənət Universitetinin Xalçaçılıq və bədii toxuculuq fakültəsini bitirib. 1997-ci ildən bir çox sərgilərin iştirakçısıdır. Xalçaları muzeylərdə və özəl kolleksiyalarda saxlanılır.
Onunla söhbətimizə ötən ilin sonunda Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda baş tutan sərgisinin təəssüratları üstə başlayırıq. Rəssam deyir ki, həmin sərgiyə on il hazırlaşıb. Çünki bir xalçanın toxunması 7-8 ay çəkir. Əsərlərin çoxu Çində toxunub. Deyir ki, çinlilər ipək xalça sənətinin bənzərsiz ustalarıdır: “Onlara müəllif olaraq göstərişlərimi verib geri qayıdıram. İmkan olanda arada bir dəfə gedib işin gedişinə nəzarət edirəm. Mən əsasən hər əsərdən 4-5 nüsxə toxutdururam. Onlar bütün proseslərə diqqətlə əməl edir, yanlışa yol vermirlər. Bir xalçanın toxunması aylarla çəkir. Onlarda xalçaçılıq ucqar kənd və qəsəbələrində geniş yayılıb, başlıca qazanc sahəsinə çevrilib”.
E.Hacıyev Azərbaycanda demək olar, ipəklə xalça toxuyan tək rəssamdır. İndi yavaş-yavaş başqaları da ipəklə xalça toxumağa başlayırlar. Di gəl, bu nə qədər gözoxşayan sənət olsa da, ipəklə işləmək çətindir, gözü yorur, barmaqları sıradan çıxarır. Ona görə də zəhməti ağırdır.
Rəssam xalçalarının satılmasından gileyli deyil. Onun xalçaları əsasən hədiyyəlik üçün alınır: “Məsələn, Rusiyanın baş naziri D.Medvedyev Bakıya gələndə “Ana Məryəm” əsərim ona hədiyyə edildi. Vaxtilə Corc Buş ABŞ prezidenti seçiləndə onun həyat yoldaşı ilə birgə təsvir edilmiş portret xalçam ölkə başçısı adından andiçmə mərasiminə göndərildi”.
E.Hacıyevin xalçaları 2013-cü ildə Heydər Əliyev Fondu tərəfindən Fransanın müxtəlif şəhərlərindəki salonlarda sərgilənib: “Həmin əsərlərin çoxu N.Gəncəvinin “Xəmsə”si əsasında yaradılıb, içərisində Məhsəti Gəncəvinin 850 illiyinə həsr olunmuş əsərlər də var idi”.
Xalçaçı rəssamın “Sirlər xəzinəsi”, “Yeddi gözəl”, “Bəhramgur ovda”, “Fitnənin öküzü qaldırması”, “Leyli və Məcnun”, “Xosrov və Şirin”, “Məhsəti Gəncəvi”, “Mirzə Şəfi Vazeh”, “Ana Məryəm”, “Vladimir ikonası”, “Ömər Xəyyam”, “Şərq gəlini” və s. əsərləri tamaşaçıya nə qədər xalça təsiri bağışlayırsa, bir o qədər miniatürü xatırladır.
E.Hacıyev yeri gələndə əsərlərində ipəklə yunun qarışığından da istifadə edir. Bu xalçalarda müəyyən yerlər ipəklə, bəzi yerlər isə yunla toxunur. Belə xalçaların öz gözəlliyi var.
Ölkəmizdə də ipəkçiliyin tarixən geniş ənənəsi olub. Amma bizdə xalçalar daha çox yundan toxunub. İpək xalçaların toxunması yunla müqayisədə bahadır. Qabaqlar Şəkidə ipək saplar buraxılırdı. İndi belə saplar İran və Çindən gətirilir. Rəssam bildirir ki, xalçaçılıqda təbii və süni boyalardan istifadə edilir: “Süni boyalar da pis deyil. İndi Almaniyanın istehsalı olan elə boyalar var ki, təbiidən geri qalmır. İpək xalçaların bir özəlliyi də ondadır ki, onlar soyuq olurlar. Ərəblər əsasən belə xalçaları çox alırlar. Yun xalçalar isə isti olur”.
Xalçaçı rəssamın yaradıcılığında 2003-cü ildən sonrakı dövr ayrıca yer tutur. Ondan öncə rəssam bir müddət sənətdən uzaqlaşdığını bildirir. Sonradan sənətə qayıdır və yaradıcılıqla yeni səviyyədə məşğul olur. E.Hacıyevin başqalarından fərqi onun xalçalarının daha çox süjetli olmasıdır. Bu əsərlərdə çoxlu insan obrazları var. Bəs, belə əsərlərin qiyməti neçəyədir? Xalçaçı süjetli xalçalarının qiymətinin 8-10 min manat arasında dəyişdiyini söyləyir: “Xalçaları ucuz sata bilmərəm. Bu xalçaların kvadratmetri 2000 manata başa gəlir. Ona görə qiymətlər istər-istəməz baha olur”.
Rəssamın yaradıcılığında xalça portretlərin ayrıca yeri var. Portretin çətinliyi onun dəqiq oxşadılmasıdır. Düzdür, indi bu məqsədlə kompüterdən istifadə olunur, ancaq yenə də üzərində rəssamın işləməsinə gərək yaranır.
Müsahibim bildirir ki, Çin, İran, Pakistan, Türkmənistan, Özbəkistan və Azərbaycan dünyada öndə gedən xalça istehsalçılarıdır. Son vaxtlar ölkəmizdə bu işə diqqət artmaqdadır. Orijinal xalçalar əllə toxunur, ona görə burada zəhmət çoxdur. Xalçaçı qadınlar heç zaman maaşa işləmirlər. Onlar toxuduqları kvadratmetrə görə pul qazanırlar. Ölkəmizdə xalçanın kvadratmetrinin toxunuşu 250 manatdan 1000 manata qədərdir.
Rəssam xalça sənətində Lətif Kərimovu özünün ustadı sayır. Ali məktəbdə sənətin sirlərini ondan öyrənib. Qeyd edək ki, ölkəmizdə xalçaçılıq fakültəsi L.Kərimovun rəhbərliyi ilə 1978-ci ildə açılıb, Eldar müəllim də növbəti il həmin fakültəyə daxil olub.
E.Hacıyev həm də rəngkardır. Yeniyetməlik çağlarında bu sənətin sirlərini Xalq rəssamı Nadir Əbdürrəhmanovdan öyrənib. Onun rəngkarlıq əsərləri də xalçanı xatırladır: “Mənim rəngkarlıq işlərim dekorativ üslubdadır. Orada xalçaya oxşarlıqlar çoxdur. Əsərlərimdə milli mövzular, geyimlər və adətlər başlıca yer tutur. Ona görə yağlı boya əsərlərim də insanlara xalça düşüncəsi bağışlayır. Tamaşaçıların buna marağı çox yaxşıdır. Moskvada fərdi sərgimi keçirmək istəyirəm. Hətta bu əsərləri xalçaya da köçürmək olar”.
Rəssamın son illərdə akril boyalarla işlədiyi “Yallı”, “Nar yığan qızlar”, “Elçilər”, “Xurma yığan qızlar”, “Köç”, “Şuşa gözəlləri”, “Kənd qızı” və bu sıradan olan başqa əsərlər öz əlvan rəngləri, dekorativ üslubu ilə göz oxşayır.
S.Qaliboğlu