YAP Səbail rayon təşkilatı mədəniyyət və turizm işçiləri ilk ərazi təşkilatının hesabat-seçki iclası keçirildi
   
   Fevralın 14-də Milli Kitabxanada Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı mədəniyyət və turizm işçiləri ilk ərazi təşkilatının hesabat-seçki iclası keçirildi. 
   Mədəniyyət və Turizm Nazirliyi Elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri, YAP Səbail rayon təşkilatı mədəniyyət və turizm işçiləri ilk ərazi təşkilatının sədri Yaşar Əliyev iclası açaraq gündəlikdəki məsələlər barədə məlumat verdi. Sonra Yaşar Əliyevin ərazi təşkilatının ötən dövr ərzində fəaliyyətinə həsr olunmuş hesabat məruzəsi dinlənildi.
   Məruzəçi ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinə və incəsənətinə göstərdiyi diqqət və qayğıdan, xalq qarşısında tarixi xidmətlərindən söz açdı. Qeyd olundu ki, ölkə həyatının bütün sahələrində aparılan böyük siyasətin prioritetləri məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. 
   Diqqətə çatdırıldı ki, Azərbaycan mədəniyyətinin dünyada yüksək səviyyədə təbliğ olunmasının bünövrəsini də ümummilli lider qoyub. O, istər sovet dövründə, istərsə də müstəqillik illərində mədəniyyət və incəsənət xadimlərinə böyük diqqət və qayğı göstərib. Hazırda Prezident İlham Əliyev ulu öndərin siyasətini uğurla davam etdirir. Bu uzaqgörən siyasətin nəticəsində Azərbaycan regionun və dünyanın dinamik inkişaf edən ölkələrindən birinə çevrilib. 
   YAP Səbail rayon təşkilatı sədrinin birinci müavini Muxtar Nağıyev çıxış edərək, yarandığı gündən Azərbaycan dövlətinə və xalqına sədaqətlə xidmət edən partiyanın ölkəmizin inkişafında, əldə olunan nailiyyətlərdə rolundan bəhs etdi. 1992-ci ildə təsis edilmiş Yeni Azərbaycan Partiyasının ağır, çətin sınaqlardan uğurla çıxdığı, Azərbaycan Respublikasının müstəqilliyinin ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qorunub-saxlanıldığı vurğulandı. Bildirildi ki, 2003-cü ildən Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP-ın sıralarının genişlənərək, 700 minə çatması partiyaya xalqın inamının bariz nümunəsidir. M.Nağıyev YAP ərazi ilk partiya təşkilatının ötən dövr ərzində fəaliyyətini yüksək qiymətləndirdi. 
   Çıxışlardan sonra gündəlikdə duran digər məsələlər nəzərdən keçirildi. Partiya üzvləri də öz fikir və rəylərini bildirdilər. 
   İclasda Yaşar Əliyev yenidən YAP Səbail rayon təşkilatı mədəniyyət və turizm işçiləri ilk ərazi təşkilatının sədri seçildi. Bununla yanaşı, sədr müavini və idarə heyətinin üzvləri, YAP Səbail rayon təşkilatının XI konfransına ilk partiya təşkilatından 3 nəfər nümayəndə seçildi.
   Daha sonra YAP sıralarına daxil olmaq arzusunda olan gənclərin müraciətlərinə baxıldı və müvafiq qərar qəbul edildi.
   
   Fariz Hüseynov