Fevralın 14-də “Park Bulvar”da F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə “Kitab tutan əllər” adlı aksiya təşkil olunub.
14 fevral - “Beynəlxalq Kitab Bağışlama Günü”nə həsr olunmuş aksiyaya Nizami rayon Uşaq yaradıcılıq mərkəzinin “Azəri inciləri” rəqs qrupunun ifasında “Kitab tutan əllər” adlı fleşmob rəqsi ilə start verilib.
Tədbirdə uşaq yazarları Aygün Bünyadzadə, Elvira Məmmədova, Gülzar İbrahimova və Reyhan Yusifqızı iştirak ediblər. Bir sıra nəşriyyatların da qatıldığı aksiyada balaca kitabsevənlərə həm uşaq yazarlarının imzalı kitabları, həm də kitabxana tərəfindən müxtəlif kitablar hədiyyə olunub. Aksiya çərçivəsində iştirakçılara bir çox dillərdə çap olunmuş uşaq ədəbiyyatı və bütün sahələr üzrə ümumilikdə 1200-dək kitab təqdim edilib.
Qeyd edək ki, layihənin əsas məqsədi gənc nəslə mədəni xidmət göstərmək, kiçikyaşlı oxucuların mütaliəsinə düzgün yanaşmaq, məktəbli oxucuların mütaliə mədəniyyətini yüksəltmək, onlarda vətənpərvərlik, cəsurluq, ləyaqət və bu kimi ülvi hissləri tərbiyə etməkdir.