Fevralın 11-də Xalça Muzeyində “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində naxışlı çətən toxuma texnologiyası üzrə mühazirə və ustad dərsləri keçirildi.
Dərslərdə Rəssamlar İttifaqının üzvü, Xalça Muzeyinin xalçaçı-rəssamı Tariyel Bəşirovun və muzeyin Şuşa filialının müdiri Səbinə Əzizovanın “Çətən dünyanı gəzər, yurdumu bəzər” adlı mühazirələri dinlənildi.
Tematik xalça və çətənlərin müəllifi olan T.Bəşirov bu sənətin yaranma tarixi, inkişaf mərhələləri, hazırlanma texnologiyası və məişətdəki əhəmiyyətindən söz açdı. Bildirdi ki, çətən sənətinin kökü qədim türk tayfalarına məxsusdur. Çətən eyni diametrli qamış və ya ağac çubuğundan hazırlanmış məhsuldur. Çətən "çətmək" sözündən yaranıb, mənası "bağlamaq" deməkdir. Bəzən onu alaçıqlarda çox istifadə edildiyi üçün "çığ" da adlandırırlar. Azərbaycanda adətən iki cür çətən mövcud olub: saya və naxışlı. Saya çətənlər üzərində heç bir bəzək elementi olmurdu və o sırf məişət məqsədləri üçün hazırlanırdı. Naxışlı çətənlər döşəmə, alaçıqdakı divar, arakəsmə, bəzən də pərdə kimi məqsədlərə xidmət edir.
Çətən hazırlamaq üçün keçən ildən qalmış quru qamışları yaz fəslində yığıb, təmizləyirlər. Yığılan qamışlar üzəri təmizləndikdən sonra çətən hazırlayan ustanın istəyinə görə ölçülüb-kəsilib şəkillənir və adətən qoyun yunundan alınmış ip vasitəsilə hörülüb bir-birinə bağlanır. İstər bəzək üçün, istər də müəyyən məqsədlər üçün istifadə olunan çətənin üzəri bitkilərdən əldə edilən təbii boyalarla naxışlanır. Qədimdən çətəndən alaçıqların örtülməsi, bəzədilməsində geniş istifadə olunurdu. İnsanlar nəmişlikdən yarana biləcək xəstəlikləri önləmək üçün yaşadıqları yeri tamam qamışla örtüb, yerə çətən (həsir) döşəyirdilər. İndi də çətən interyerdə dekor kimi istifadə olunan çox nəfis sənət növüdür.
Çətən üzərində naxış vurmaq üçün əsasən iki üsuldan istifadə edirdilər. Birinci üsul ondan ibarətdir ki, naxış çubuqların ayrı-ayrı hissələrini müəyyən bir qaydada yandırmaq vasitəsilə yaradılırdı. Digər üsulla çubuqların ayrı-ayrı sahələri bir-bir rəngbərəng saplarla dolanır və beləliklə, müxtəlif rəngli və təsvirli kompozisiyalar əmələ gəlirdi. Belə çətənlərin hazırlanmasında həm yun, həm də ipək saplardan istifadə olunur.
Səbinə Əzizovanın mühazirəsində isə çətən sənətinin Avropa ölkələrinə gəlişi, müasir dövrdə ona olan tələbatın artma səbəbi haqqında iştirakçılara ətraflı məlumatlar verildi. Bildirildi ki, bu gün ekoloji təmiz məhsul kimi çətənə dünyada böyük tələbat var. Azərbaycanda da bu sənətin inkişaf etdirilməsi yaxşı olardı. Daha sonra iştirakçılara Tariyel Bəşirov və muzeyin aparıcı elmi işçisi Günay Əhmədova tərəfindən ustad dərsləri keçirildi.
Vurğulandı ki, çətən üzrə mühazirə və ustad dərslərinin keçirilməsində məqsəd unudulmaqda olan texnologiyaları bərpa etmək və nəsildən-nəslə ötürülməsinə şərait yaratmaqdır.
Qeyd edək ki, fevralın 12-də davam edən mühazirədə T.Bəşirovun müəllifi olduğu “Nizami-850”, “İçərişəhər”, “Oğuznamə”, “XX əsrin korifeyi” adlı müasir çətən nümunələrindən ibarət sərgi də təqdim edildi.
Lalə Azəri