Dekabrın 10-da Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Sınaqfilm” studiyasında rejissor Çingiz Rəsulzadənin lentə aldığı “Kuklalar” bədii filminin təqdimatı olacaq. Ekran əsəri ötən əsrin 80-ci illərinin sonunda - SSRİ-nin süqutu ərəfəsində Bakıda cərəyan edən hadisələri özündə əks etdirir. Bir qrup gənc oğlan Dənizkənarı Parkda kukla geyimlərində şəkil çəkdirməklə pul qazanır. Onların həyatında hər şey ilk dəfə baş verir: məhəbbət, dostluq, xəyanət. Özləri dərk etdikləri kimi azad yaşamağa can atan bu gənclərin uşaqlıq dövrü sovet imperiyasının dağılması ilə bitir. Nəticədə gənclər azadlığı əldə etsələr də, artıq daha böyük miqyasda oynayan kuklalara çevrilirlər.
   Filmin ssenari müəllifləri Çingiz Rəsulzadə, Ramiz Fətəliyev, quruluşçu operatoru Yuri Varnovski, quruluşçu rəssamı Rövşən Mehdiyev, bəstəkarı İsa Məlikov, prodüseri Tofiq Musayevdir. Rollarda Qorqud Cəfərli, Yevgeni Qəhrəmanov, Cavid Quliyev, Ağa Bədəlov, İsgəndər Ağagülov, Emil Zöhrabov, Cəminə Ağayeva, Şəlalə Quliyeva, Vahid Əliyev, Xalidə Quliyeva, Abbas Qəhrəmanov, Şahmar Qəribli, Elvira Cəfərova, Mehriban Xanlarova, Ömür Nağıyev və başqaları çəkilib.