Tanınmış rəssam Nağdəli Xəlilovun yubiley sərgisi 
   
   Fevralın 10-da Azərbaycan Rəssamlar İttifaqının (ARİ) Vəcihə Səmədova adına sərgi salonunda tanınmış rəssam, rəngkar Nağdəli Xəlilovun 70 illiyi ilə bağlı fərdi sərgisinin açılışı oldu. 
   Salon sənətçilər və tamaşaçılarla dolub-daşırdı. Hamı yubilyarın 10 il öncəki sonuncu sərgisindən bu yana nələr yaratdığını görmək istəyirdi. 
   Sərgini ARİ-nin sədri, Xalq rəssamı Fərhad Xəlilov açaraq Nağdəli Xəlilovun yaradıcılığı haqqında iştirakçılara bilgi verdi, onu yüksək duyumlu rəngkar, həssas qəlbli insan kimi dəyərləndirdi. O, yubilyarın sərgidə təqdim etdiyi əsərlərinin bədii keyfiyyətindən, rəssamın özünəməxsus yaradıcılıq üslubundan, rəng duyumundan söz açdı. Çıxışının sonunda F.Xəlilov yubilyara rəhbərlik etdiyi qurum adından diplom təqdim etdi. 
   Xalq rəssamı Mirnadir Zeynalov rəssam N.Xəlilovun yaradıcılığındakı kolorit zənginliyinə diqqət çəkdi, onun hər bir əsərinin insanda bədii təəssürat yaratdığını vurğuladı. Çıxışçı yubilyarın özünəməxsus yaradıcılıq yolunu yüksək dəyərləndirdi. 
   “Yazıçı” jurnalının redaktoru Azər Abdulla rəssamın yaradıcılığı haqqında çıxış etdi, onun rəsmlərini bənzərsiz sənət əsərləri adlandırdı. 
   Əməkdar rəssam, professor Arif Əziz həmkarı N.Xəlilovu 70 illik yubileyi münasibətilə təbrik etdi, ona yeni yaradıcılıq uğurları arzuladı. 
   Sonda yubilyar vaxt ayırıb sərgiyə gələnlərə öz sayğısını bildirdi. 
   Açılışdan sonra sənətsevərlər rəssamın yaradıcılığı ilə yaxından tanış oldular. Sərgidə rəssamın 70 əsəri nümayiş olunur. Əsərlərin çoxu natürmort, portret və mənzərələrdir. N.Xəlilovun bir rəngkar kimi özünəməxsusluğu ondan ibarətdir ki, o, boyadan ustalıqla istifadə edir. Bəlkə də Azərbaycan rəssamlığında rəngi onun kimi qalın vuran ikinci bir rəssam yoxdur. Boyanı kətana elə qalın yaxır ki, bu, onun əsərlərinə fərqlilik gətirir. 
   Nağdəli Xəlilov 1946-cı ildə indiki Ermənistan SSR Masis rayonunun Sarcalar kəndində doğulub. 1972-ci ildə Bakıda Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini, 1980-ci ildə Tbilisi Dövlət Rəssamlıq Akademiyasını bitirib. 1984-cü ildə SSRİ Rəssamlar İttifaqının üzvü seçilib. 1993, 1996, 2006-cı illərdə fərdi sərgiləri keçirilib. 2007-ci ildə Türkiyədə fərdi sərgisi təşkil olunub.
   
   S.Qaliboğlu